Gələn ay keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunları böyük idman tamaşasına çevriləcək. Bu, Azərbaycanın Avropa idman mədəniyyətinə töhfəsi olacaq.
AZƏRTAC-ın Varşavaya ezam edilmiş müxbiri xəbər verir ki, bu sözləri Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Polşa jurnalistlərinə verdiyi müsahibədə deyib.
Diplomat deyib: “Çox sayda idmançı və tamaşaçı Azərbaycanı görəcək, onun qonaqpərvərliyi, mədəniyyəti, arxitekturası, mətbəxi ilə tanış olacaq”.
Səfir idmanın bir sıra növləri üzrə Avropa Oyunlarının təsnifat xarakteri daşıyacağını xatırladaraq bildirib ki, hər bir iştirakçı 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək üçün yüksək nəticə əldə etməyə çalışacaq. Səfir sonda deyib: “Biz istəyirik ki, Bakıya çox idmançı və qonaq gəlsin, avropalılar Bakını olduğu kimi öz gözləri ilə görsünlər”.