Mayın 31-də Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli Azərbaycanın şimal bölgəsinə qədəm basdı.
AZƏRTAC xəbər verir ki, bu regionda məşəlin ilk qarşılanma mərasimi dağlar qoynunda yerləşən, əsrarəngiz təbiətə malik Xızı şəhərində keçirildi.
Sumqayıt şəhərindən sonra Xızıya gətirilən məşəl şəhərin Heydər Əliyev prospektində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyət nümayəndələri tərəfindən böyük coşqu ilə qarşılandı. Məşəl Yeni Yaşma kənd tam orta məktəbinin fiziki hazırlıq müəllimi Ağəli Əsgərov tərəfindən qəbul olundu. Bundan sonra 10 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca iki kilometrədək məsafəni qət edib Ümummilli Liderin adını daşıyan parka gəldilər. Burada quraşdırılan səhnəyə qalxan Fəxri bədən tərbiyəsi və idman işçisi, Giləzi qəsəbə tam orta məktəbinin fiziki hazırlıq müəllimi Elmik Məmmədhəsənov məşəli alovlandırdı. Məşəlin alovlandırılmasını izləyən xızılılar bu tarixi hadisəni alqışlarla qeyd etdilər.
Sonra isə Avropa Oyunlarının çırağı yandırıldı və yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.
Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla izlədilər.
Qarşılanma mərasiminin birbaşa iştirakçısı olan məşəldar Ağəli Əsgərov tarixi hadisənin sevincini AZƏRTAC-la bölüşərək bildirdi ki, bu, onun həyatında ən yaddaqalan günlərdən biridir. “Bu mötəbər yarışın Azərbaycanda keçirilməsinin əhəmiyyətini illər keçdikcə daha dərindən anlayacağıq. İndi ilk Olimpiya Oyunlarından danışanda Yunanıstan,futbol üzrə ilk dünya çempionatından bəhs edəndə Uruqvay yada düşürsə, birinci Avropa Oyunları haqqında danışılanda da Azərbaycanın adı çəkiləcək. Mən bununla qürur duyuram. Bütün həmvətənlərimiz ölkəmizlə fəxr edir.”
Xızı rayon Mədəniyyət və Turizm şöbəsinin metodisti Məsmə Nuriyeva da əlamətdar hadisənin bir parçası olduğu üçün özünü xoşbəxt saydığını bildirdi. “Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili bütün dünyaya Azərbaycanın necə qüdrətli dövlət olduğunu bir daha göstərəcək. Ölkəmizin bütün vətəndaşları Prezident İlham Əliyevin ətrafında sıx birləşib, Vətənimizin daha da güclənməsi üçün çalışırlar. Uğurlarımız daha da çox olacaq. Mötəbər turnirdə iştirak edəcək idmançılarımıza uğurlar diləyirəm.”
Güləş üzrə məşqçi-müəllim Variz Rzayev xoş təəsürratlarını AZƏRTAC-la bölüşərək deyib: “Məşəlin Xızıda alovlandırılacağı günü səbrsizliklə gözləyirdik. Mərasimin necə coşquyla keçdiyinin şahidi olduq. Artıq 11 gündən sonra ölkəmizdə Avropanın ən mötəbər yarışına start veriləcək. İdmançılarımızın uğurları ilə bərabər birinci Avropa Oyunlarına ev sahibliyi etməkdən də həzz alacağıq”.
Xızı birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 53-cü yaşayış məntəqəsi oldu.
İyunun 1-də Qusar və Quba rayonlarında məşəlin qarşılanma mərasimi olacaq. Günün sonunda isə Quba şəhərində möhtəşəm Alov festivalı keçiriləcək.