Monteneqronun su polosu komandası Bakı-2015 Avropa Oyunlarında çox iddialıdır.
Trend Bakı-2015-in saytına istinadən məlumat verir ki, Monteneqro Olimpiya Komitəsinin prezidenti Dusan Simonoviç fikrini belə bildirib: "Bizim Avropaya nümayiş etdirəcəyimiz çox şeyimiz var və Bakıdan mükafatla qayıdacağımıza ümid edirəm. Su polosu komandamız mükafata daha çox iddialıdır. Xatırladım ki, komandamız iki il bundan əvvəl Avropa çempionu olub. Əgər hər şey plana uyğun gedərsə, bu çox rəqabətli bir yarış olacaq".
Monteneqro Milli Olimpiya Komitəsi yarışlarda iştirak edəcək 55 idmançının adlarını açıqlayıb. İdmançıların böyük əksəriyyəti iki idman növü üzrə yarışacaqlar. Atletika üzrə 30, su polosu üzrə isə 13 idmançı mübarizə aparacaq.
Digər idman növlərindən cüdo üzrə 4, boks və üzgüçülük üzrə 2, karate, velosiped, atıcılıq və taekvondo növlərinin hər biri üzrə isə 1 iştirakçı yarışacaq.
Monteneqronun Bakı-2015 komandasının rəhbəri Andriya Popoviç ölkəsinin bu yarışlarda ən azı bir medal qazanacağına inanır: "Biz bu tarixi Avropa Oyunlarında mükafat sahibi olacağımıza inanırıq. Əminəm ki, Bakıda yarışlar çox gözəl keçəcək. Ona görə ki, Azərbaycan Oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirləri görüb".