Bu gün "Bakı 2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının nümayəndə heyəti “Bakı- 2015” İlk Avropa Oyunları Əməliyyat Komitəsində iş şəraiti, görülən işlərlə yaxından tanış olub.
Koalisiyanın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ümumi tanışlıqdan sonra koalisiyanın koordinatorları Rufiz Qonaqov və Aydın Quliyev, koalisiyanın ekspertləri Rəfail Becanov və Elman Nəsirov Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərovla görüşüblər.
E.Səfərov Əməliyyat Komitəsinin fəaliyyəti, hazırlıq mərhələsinin yekunlaşması, ölkə vətəndaşlarının və xarici qonaqların bu idman bayramına xüsusi həvəs göstərmələri, biletlərin satışı və digər məsələlərlə bağlı koalisiyanın nümayəndə heyətinə geniş məlumat verdi. O bildirib ki, dövlət və hökumət başçılarının oyunların açılışında iştirakı bu oyunların əhəmiyyətinin xüsusi göstəricisidir. 12 mindən artıq könüllü prosesdə iştirak edir.
Daha sonra E.Səfərov idmançıların yerləşəcəyi Atletlər kəndi, jurnalistlər üçün yaradılan şərait, media mərkəzinin fəaliyyəti haqqında da "Bakı- 2015: Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının üzvlərini məlumatlandırıb.
Sonra koalisiyanın koordinatoru Rufiz Qonaqov koalisiyanın fəaliyyəti və məqsədləri, gördüyü işlərlə bağlı Əməliyyat Komitəsinin korporativ direktoruna geniş məlumat verib. Bildirib ki, koalisiyada ölkənin 100-dən artıq aparıcı media və QHT rəhbərləri təmsil olunur. Bu oyunların əhəmiyyəti o qədər böyükdür ki, hər bir vətəndaşın, ictimai təşkilatın buna dəstək verməsi zəruridir. Ona görə də vətəndaş cəmiyyəti institutları bu missiyanı öz üzrəinə götürüb və ictimai təbliğat kampaniyasını həyata keçirir.
Koalisiyanın koordinatoru Aydın Quliyev koalsiyanın Avropa Oyunları ilə bağlı apardığı təbliğat kampaniyasının əhəmiyyətindən danışıb. O bilidirib ki, bununla bağlı mətbuatda geniş və təhlili yazılar dərc edilir, təmsilçilərimiz KİV-də çıxışlar edir, insanların maarfiləndirilməsi və informasiya təminatını həyata keçirir.
Ekspert Rəfail Becanov Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən, bu oyunların ölkəmizə gətirdiyi dividentlərdən, eyni zamanda Avropanın da bu oyunlardan böyük fayda götürəcəyindən danışıb.
Ekspert Elman Nəsirov isə bu oyunların beynəlxalq əhəmiyyətindən danışıb. Bildirib ki, bu oyunlarla bağlı beynəlxalq tədbirlərdə də kolasiyamız təbliğat aparır. Yaxın günlərdə Avropada bu işimizi davam etdirəcəyik.
Daha sonra BEGOC-un bilet satışı şöbəsinin rəhbəri Mirjam Bogataj oyunlara satılan biletlərlə bağlı məlumat verib. Bildirib ki, nəzərdə tutulan biletlərin 80 faizdən çoxu satılıb. Oyunlara maraq həm xarici ölkə vətəndaşları, həm də yerli əhali arasında çoxdur. Ona görə də bilet satışı intensiv gedir. Oyunlarda tamaşaçı kimi iştirak etmək istəyi Böyük Britaniya, Sloveniya, Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları arasında çox böyükdür.
Sonra Əməliyyat Komitəsinin təmsilçilərinin müşayiəti ilə koalisiyanın nümayəndə heyəti ayrı-ayrı struktur bölmələrində - Texnoloji mərkəzdə, İnteqrasiya Qrupunun fəaliyyəti üçün ofisdə, Oyunların Əməliyyatlarına Dəstək Mərkəzində yaradılan iş şəraiti ilə əyani tanış olublar.
BƏXTİYAR