7 İyun 2015 08:02
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 6-da Belarus paytaxtının İdman Sarayı qarşısındakı meydanda ölkə idmançılarının birinci Avropa Oyunlarına yola salınması mərasimi keçirilib.

AZƏRTAC BELTA saytına istinadla xəbər verir ki, təntənəli mərasimdə aparıcı idmançılar və məşqçilər iştirak ediblər.

Birinci Avropa Oyunlarında iştirak edəcək Belarus komandasının tərkibinə 151 idmançı və 53 məşqçi daxildir. Onlar akrobatika, boks, sərbəst və yunan-Roma güləşi, velosiped idmanı (şose), çimərlik voleybolu, idman və bədii gimnastikası, baydarka və kanoedə avarçəkmə, cüdo, üzgüçülük, sinxron üzgüçülük, suya tullanma, batut, kamandan oxatma, güllə atıcılığı, stolüstü tennis, triatlon, qılıncoynatma, badminton, karate, sambo, taekvondo idman növləri üzrə çıxış edəcəklər.

“Bakı-2015”-ə yola salınan idmançıların siyahısına bədii gimnastika üzrə Belarus milli komandasının ən güclü üzvləri Melitina Stanyuta və Yekaterina Qalkina, habelə Olimpiya çempionları Aleksandr və Andrey Boqdanoviçlər (kanoe), Vadim Maxnev və Roman Petruşenko (baydarka), Sergey Martınov və Konstantin Lukaşik (güllə atıcılığı) daxildir.

Yerli mütəxəssislərin proqnozlarına görə, Belarus atletləri birinci Avropa Oyunlarında 35 medala iddialıdır. Komandaya Olimpiya çempionu, Milli Olimpiya Komitəsinin monitorinq və olimpiya idman növlərinin inkişafı şöbəsinin müdiri Dmitri Dovqalyonok rəhbərlik edəcək.

Nümayəndə heyətinin yola salınması mərasimində birinci Avropa Oyunlarında Belarus yığmasının talismanı təqdim edilib. Talisman Milli Olimpiya Komitəsinin tərəfdaşı olan “Belaqroprombank” tərəfindən hazırlanıb və özündə fiziki gücü və idman ruhunu simvolizə edir.

Belarus idman heyətinin birinci qrupu Bakıya iyunun 10-da yola düşəcək.


Müəllif: