8 İyun 2015 13:47
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov Birinci Avropa Oyunları ilə bağlı Bolqarıstanın geniş oxucu kütləsinə malik “Standard“ qəzetinə müsahibə verib. Bu barədə səfirlikdən Trend-ə verilən məlumatda bildirilir.

Səfir E.Kərimov müsahibədə ilk öncə tarixdə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə danışaraq, bu qərarın 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul olunduğundan, bu oyunlarda 20-yə yaxın idman növündə Avropa ölkələrinin 6000-dən yuxarı idmançısının iştirak edəcəyindən və ümumilikdə 253 medal uğrunda mübarizənin aparılacağından bəhs edib. Diplomat 2013-cü il yanvar ayının 17-də Bakıda ilk “Avropa Oyunları 2015”-i lazımi səviyyədə keçirmək məqsədilə Prezident İlham Əliyev tərəfindən, Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsinin İcra Komitəsinin üzvü və YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması haqqında fərman imzalandığını qeyd edib.

Səfir E.Kərimov Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisəsi olan “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin yandırılması mərasimindən söz açaraq, 2015-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin sözügedən mərasimdə iştirak etmələrindən, Birinci Avropa Oyunlarının məşəlinin səyahətindən, Birinci Avropa Oyunlarının məşəlinin 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, oyunların açılış mərasimində isə Bakı Olimpiya Stadionuna gətiriləcəyindən danışıb.

Səfir Bakı-2015 ilk Avropa Oyunlarının keçiriləcəyi idman kompleksləri barədə də ətraflı məlumat verərək, ilk açılışın 2015-ci ildə inşa edilmiş, 65000 nəfərlik Milli Olimpiya Stadionunda olacağını diqqətə çatdırıb. Bununla yanaşı, oyunlar ərəfəsində idmançıların və komanda rəsmilərinin yaşayışının təmin edilməsi məqsədilə 7300 nəfərlik “Olimpiya kəndi”nin yaradıldığını vurğulayıb.

Səfir həmçinin Avropa Oyunlarında Bolqarıstandan 127 idmançının müxtəlif medallar uğrunda yarışacaqlarını da bildirib.

E.Kərimov Azərbaycanda idmanın inkişafı və ölkəmizdə tarixən idmanın növləri barədə danışıb. O, Azərbaycanda qədim dövrlərdən yayılmış ənənəvi idman növü olan güləşin, Şərqdə qədim Azərbaycan xalq ədəbiyyatının yazılı abidəsi "Kitabi-Dədə Qorqud" dastanlarında adının çəkildiyini qeyd edib. Bununla yanaşı güləşdən əlavə XI əsrdə yazıb-yaratmış bütün Şərqdə tanınan Azərbaycan şairi Xəqani Şirvaninin əsərlərində də çövkən (milli atüstü oyun növü), at çapmaq, şahmat, qılıncoynatma və sair kimi oyunlardan danışıldığını diqqətə çatdırıb.

Tarixi mənbələrə istinadən çövkən oyunu barədə ətraflı məlumat verən Səfir, orta Asiya, Türkiyə, İran və İraqda məşhur bu oyunun Azərbaycanda VI-VII əsrlərdə yarandığını və XII əsrdə tarixdə ilk dəfə beynəlxalq çövkən yarışlarının Bağdad şəhərində keçirildiyini, bundan sonra XIX əsrdə ingilislər tərəfindən İngiltərəyə gətirilən bu oyunun onların təşəbbüsü ilə "polo" adı altında ilk dəfə 1900 -cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edildiyini və 1960-cı ildən Azərbaycanda rəsmi çövkən üzrə yarışların keçirilməsinin bərpa olunduğunu, həmçinin 1979-cu ildə "Çövkən" oyunu haqqında sənədli filmin çəkildiyini bildirib.

Bundan əlavə Səfir, 2006-cı ildə Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşmış Şəki şəhərində çövkən oyunu üzrə turnirin keçirildiyindən, həmçinin, 2013-cü ildə isə Bakıda müasir polo yarışları üzrə qarışıq dünya yığmaları və Azərbaycanın çövkən üzrə komandası arasında polo Dünya kuboku yarışlarının baş tutmasından və bundan sonra Azərbaycanın ənənəvi çövkən milli oyununun 2013-cü ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsindən bəhs edib.

Sonra Səfir Orta əsrlərdə Azərbaycanda idmanın intellektual növü olan şahmatın da geniş yayıldığını, XII əsrdə yaşamış Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin mahir şahmat oyunçusu olduğunu, bundan əlavə, XIX əsrdə Fransa yazıçısı Aleksandr Dümanın Azərbaycana səfəri zamanı Qarabağ xanının qızı, məşhur Azərbaycan şairəsi Xurşudbanu Natəvanla şahmat oynadığını və X.Natəvanın gözəl oyunundan heyran qaldığı barədə məlumatları diqqətə çatdırıb.

Bundan əlavə E.Kərimov hələ Sovet hakimiyyəti dövründə güləş, boks, yüngül atletika, qılıncoynatma, tennis və s. kimi idman növləri üzrə SSRİ-nin yığmasında olan Azərbaycan idmançılarının dünya və beynəlxalq yarışlardakı nailiyyətlərindən söz açaraq, XX əsrin əvvəllərində Azərbaycan pəhləvanlarından Sali Süleyman və Rəşid Yusifovun bütün dünyada məşhur olmalarından, onların dünyanın ən böyük şəhərlərində -Vaşinqton, Paris, Çikaqo, London, Roma kimi şəhərlərdə keçirilən güləş yarışlarında böyük məharət göstərmələrindən danışıb.

Müsahibədə dörd dəfə SSRİ çempionluğunu qazanan Azərbaycan futbolçusu Ələkbər Məmmədov və SSRİ çempionatlarında 136 qolun müəllifi, SSRİ yığmasının 1966-cı il dünya çempionatının bürünc mükafatçısı və 1972-ci ildə Avropanın gümüş mükafatçısı olmasında böyük rolu olmuş futbolçu Anatoli Banişevskidən söz açılıb.

Səfir həmçinin voleybol idman növünün ölkəmizdəki inkişafından söz açaraq, bu istiqamətdə voleybol üzrə qadınlardan ibarət milli yığma komandamızın baş məşqçisi Faiq Qarayevin böyük rolundan, 1993-cü ildə onun rəhbərliyi altında Azərbaycan milli komandasının Bolqarıstanda dünya çempionatının seçmə oyunlarında birinci olmasından, 1994-cü ildə Rumıniyada "Bahar" Kubokuna yiyələnib və elə həmin il dünya çempionatında dünyanın 10 ən güclü qadın komandası sırasına düşdüyündən danışıb.

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra idmana xüsusi diqqətin ayrıldığını və 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradıldığını, habelə gənclər və idman siyasətinin əsasının ulu öndər tərəfindən qoyulduğunu diqqətə çatdıran E.Kərimov, aparılan müdrik siyasət nəticəsində 1994-2003-cü illər ərzində Azərbaycan idmançılarının beynəlxalq və dünya yarışlarında 456 qızıl, 360 gümüş və 515 bürünc medal qazandıqlarından bəhs edib.

Bununla yanaşı Səfir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın apardıqları siyasət nəticəsində son 10 il ərzində ölkədə keçirilən beynəlxalq və dünya yarışlarının sayının artdığını, belə ki, bədii gimnastika üzrə Dünya Kuboku və Avropa çempionatının, boks üzrə dünya çempionatının, gənc qadınlar arasında futbol üzrə dünya çempionatının və sərbəst güləş üzrə Avropa çempionatının keçirildiyini vurğulayıb.

Diplomat 1992-ci ildə Milli Olimpiya Komitəsinin yaradıldığı və 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş cənab İlham Əliyevin gördüyü nəhəng işlər nəticəsində ölkəmizin Olimpiya Hərəkatında yeni bir dövrün başladığı, ölkəmizin ilk dəfə olaraq 1996-cı ildə Atlanta Olimpiadasında təmsil olunaraq 1 gümüş, 2000-ci ildə Sidney şəhərində keçirilən 27-ci Yay Olimpiya Oyunlarında 2 qızıl və 1 gümüş, 2004-cü ildə Yunanıstanda keçirilən 28-ci Yay Olimpiya Oyunlarında 1 qızıl və 4 bürünc medal qazandıqları, habelə 2006-2014-cü illərdə keçirilən yay və qış olimpiya, eləcə də Paralimpiya oyunlarıda da əldə olunan nailiyyətlər barədə danışıb.


Müəllif:

Oxşar xəbərlər