İyunun 8-də “Latviya dövlət meşələri” ASC-nin binasında Latviya atletlərinin Bakıda keçiriləcək birinci Avropa Oyunlarına yola salınması mərasimi olub.
Tədbirdə Latviyanın təhsil və elm naziri Marite Seyle, Azərbaycanın bu ölkədəki səfiri Elman Zeynalov, Latviya Olimpiya Komitəsinin (LOK) sədri Aldonis Vrublevski və baş katibi Jorj Tikmers, LOK-un sponsorları, habelə Avropa Oyunlarına vəsiqə almış atletlər iştirak ediblər.
Təhsil və elm naziri Marite Seyle deyib ki, Bakıda keçiriləcək və Avropa ölkələri üçün yeni format olacaq birinci Avropa Oyunları haqqında Latviyada çox eşidiblər. Nazir ümidvar olduğunu bildirib ki, bu Oyunlar hər bir idmançı üçün Olimpiya Oyunları ərəfəsində gözəl şans olacaq.
Səfir Elman Zeynalov deyib ki, Bakıda birinci Avropa Oyunlarının keçirilməsi barədə tarixi qərar böyük şərəf, həmçinin böyük məsuliyyətdir. E.Zeynalov qeyd edib ki, Oyunların Bakıda keçirilməsi qərarı bir neçə amillə bağlıdır. Son illər Azərbaycanda müasir idman infrastrukturu yaradılıb. Məsələn, ölkənin regionlarında 40-dan çox Olimpiya idman mərkəzi açılıb. Son Yay Olimpiya Oyunlarında Azərbaycan komandası dünya üzrə 30-cu, Avropa ölkələri arasında isə 15-ci yeri tutub.
Səfir əmin olduğunu bildirib ki, qonaqlar, idmançılar, məşqçilər möhtəşəm idman bayramının şahidi olacaq və Bakıdan ən xoş təəssüratlarla qayıdacaqlar.
Latviya Olimpiya Komitəsinin sədri Aldonis Vrublevski birinci Avropa Oyunlarına vəsiqə almış idmançıları təbrik edib.
LOK-un baş katibi, Latviya nümayəndə heyətinin rəhbəri Jorj Tikmers qeyd edib ki, birinci Avropa Oyunları misli görünməmiş idman hadisəsidir və bu Oyunlar Avropada ən nüfuzlu idman tədbirlərindən biri olacaq. J.Tikmers elan edib ki, Oyunların açılışı mərasimində Latviya bayrağını ölkənin ən yaxşı idmançılarından biri olan atıcı Lauris Strautmanis daşıyacaq.
Atletlərin yola salınması mərasimində çıxış edən LOK-un sponsorlarının – Latviyanın LMT mobil operatorunun, “Latviya dövlət meşələri” ASC-nin, “Swedbank”ın, “Latviya qazı” ASC-nin nümayəndələri birinci Avropa Oyunlarının təşkilinə görə Azərbaycana minnətdarlıqlarını bildirib və Latviya idmançılarına qələbələr arzulayıblar.
Azərbaycan səfirliyi tədbirin iştirakçılarına Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunmuş bukletlər və jurnallar paylayıb.
Latviya komandası iyunun 9-da Bakıya yola düşəcək.