Sevinc Fətəliyeva: “Birinci Avropa Oyunları Azərbaycanı dünyaya təqdim etmək və tanıtdırmaq üçün yeni bir platforma olacaq”
“Avropa Parlamentində Azərbaycanla bağlı təşkil olunacaq dinləmələr antiazərbaycan mərkəzlər tərəfindən hazırlanıb həyata keçirilən planın tərkib hissəsidir. Biz belə kampaniyanın bir neçə il öncə “Avroviziya” mahnı müsabiqəsi zamanı da şahidi olmuşuq. Zaman keçdikcə, birinci Avropa Oyunları yaxınlaşdıca analoji hadisələrin və təzyiqlərin yenə də artdığının şahidi oluruq”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, bütün bunlar belə bir mötəbər yarışı keçirməklə üzərinə böyük məsuliyyət götürüb, onu yüksək səviyyədə keçirməyə hazır olan ölkəyə qısqanclıqla yanaşan qüvvələr tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, bu qüvvələr Azərbaycanın artan nüfuzunu, inkişafını görüb, onu qəbul etmədiklərindən bu cür cılız hərəkətlərə yol verirlər.
“Bədxah qüvvələrin səyləri puça çıxacaq və onların bu hərəkətləri nəticə verməyəcək. Birinci Avropa Oyunlarının keçirilməsinə sayılı günlər qalıb və bu oyuna olan maraq elə böyükdür ki, artıq çoxsaylı xarici turistlər ölkəmizə gəlməkdədir. Azərbaycan bu mötəbər yarışı yüksək səviyyədə keçirəcək. Bu oyunların ilk dəfə Azərbaycanda keçirilməsi həm ölkəmizin, həm də Avropanın tarixində mühüm hadisədir. Fikrimcə, bu tədbir Azərbaycanı dünyaya təqdim etmək və tanıtdırmaq üçün yeni bir platforma olacaq. Azərbaycan bu mötəbər tədbiri yüksək səviyyədə keçirməklə özünü dünyaya təqdim edə biləcək. Bundan əndişələnən antiazərbaycan qüvvələr bu inkişafa əngəl olmaq istəyirlər. Ancaq bir daha deyirəm, nə Avropa Parlamentinin Azərbaycanla bağlı təşkil etdiyi dinləmələr, nə də digər antiazərbaycan kampaniyaları nəticə verməyəcək. Çünki Azərbaycan doğru yoldadır. Əksinə, bu idman yarışı bir daha Azərbaycanın dünyada artan nüfuzuna öz müsbət təsirini göstərəcək”, – deyə YAP-ın şöbə müdiri vurğulayıb.
Səxavət