İyunun 8-də Belarusun BELTA Teleqraf Agentliyinin saytında Aleksandr Novikovun “Birinci Avropa Oyunları: bütün yollar Bakıya aparır” sərlövhəli böyük bir məqaləsi yerləşdirilib.
Məqalədə deyilir ki, ən möhtəşəm idman bayramlarından birini – iyunun 12-dən 28-dək Bakıda keçiriləcək birinci Avropa Oyunlarını təşkil etmək üçün Azərbaycanın cəmi 2,5 il vaxtı olub.
İlk dəfə olaraq Avropa Oyunlarının keçirilməsi imkanı 2011-ci ildə Minskdə Avropa Olimpiya Komitələrinin iclasında müzakirə olunub. Belarusun dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Lukaşenko bu ideyanı dəstəkləyib.
Avropa Oyunlarını keçirmək hüququnu Azərbaycan 2012-ci ilin dekabrında Romada Avropa Olimpiya Komitələrinin (AOK) 41-ci Baş Assambleyasında əldə edib. Səsvermədə iştirak etmiş 49 ölkədən 39-u Bakıya səs verib.
Azərbaycan Prezidentinin 2013-cü il 17 yanvar tarixli Sərəncamı ilə 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının keçirilməsi üzrə təşkilat Komitəsi yaradılıb. Aleksandr Novikov yazır ki, komitənin sədri Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təyin olunub.
Müəllif qeyd edir ki, qısa müddətdə Bakıda 18 müasir idman kompleksi hazırlanıb. Onlardan 5-i ən qısa müddətdə sıfırdan tikilib.
Avropa Oyunlarının keçirilməsi zamanı Azərbaycan paytaxtı idman obyektlərinin yerinə görə dörd klasterə bölünəcək. Kənd klasterində Milli Olimpiya Stadionu və Milli Gimnastika Arenası yerləşir. Birinci Avropa Oyunlarının açılışı və bağlanışı mərasimləri, yüngül atletika üzrə turnirlər məhz Milli Olimpiya stadionunda keçiriləcək. Supermüasir idman kompleksi 68 min tamaşaçı üçün nəzərdə tutulub.
Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Bəxtiyar oğlu Vahabzadə Belarus Milli Olimpiya Komitəsində keçirilmiş mətbuat konfransında deyib: “Avropa Oyunlarını təşkil etmək və keçirmək Azərbaycan üçün böyük şərəf və məsuliyyətdir. AOK-un Baş Assambleyası Oyunların keçirilməsi hüququnu verərkən inkişaf etmiş idman infrastrukturunu və Azərbaycan atletlərinin nailiyyətlərini əsas götürüb. Bakı Avropadan olan bütün qonaqları qəbul etməyə hazırdır. Hazırlıq üçün cəmi 2,5 il vaxtımız olduğuna baxmayaraq, çox iş görülüb və yarışlar iyunun 12-dən 28-dək Yay Olimpiya Oyunları səviyyəsində keçiriləcək”.
Bakıda belorus komandasının çıxışları barədə proqnozlara gəldikdə isə müəllif Belarusun idman və turizm naziri Aleksandr Şamkonun sözlərini misal gətirir: “Azərbaycanın paytaxtında Belarus 150 nəfərdən çox idmançının daxil olduğu nüfuzlu nümayəndə heyəti ilə çıxış edəcək. Heyətimizin tərkibi pis deyil, baxaq görək, rəqiblərin aparıcı idmançılarından kimlər Azərbaycana gələcək. Hər halda əminəm ki, Belarus Bakının idman meydançalarında öz qaliblərini görəcək”.
Bakıda ilk medal dəstlərindən biri artıq iyunun 13-də yunan-Roma güləşinin nümayəndələri arasında oynanılacaq. Heydər Əliyev adına İdman Arenasında Belarus “klassiklərinin” çıxışına böyük ümidlər bəslənir. Yunan-Roma güləşi üzrə Belarus yığmasının baş məşqçisi İqor Petrenko BELTA-nın müxbiri ilə söhbətində deyib ki, onun yetirmələri Avropa Oyunlarına yaxşı formada gəlirlər və yüksək nəticə göstərə biləcəklər.
Belarusun bədii gimnastika üzrə milli yığması da Bakıda güclü heyətlə çıxış edəcək.
Bakıda birinci Avropa Oyunlarında iştirak edəcək Belarus yığmasına 151 idmançı və 53 məşqçi daxildir. Beloruslar akrobatika, boks, sərbəst güləş və yunan-Roma güləşi, velosiped idmanı (şose), çimərlik voleybolu, idman gimnastikası, bədii gimnastika, baydarkada və kanoedə avarçəkmə, cüdo, üzgüçülük, sinxron üzgüçülük, suyatullanma, batut üzərində tullanma, kamandan oxatma, güllə atıcılığı, stolüstü tennis, triatlon, qılıncoynatma, badminton, karate, sambo, taekvondo idman növləri üzrə təmsil olunacaqlar. 16 gün ərzində 253 dəst mükafat uğrunda mübarizə gedəcək.
Təşkilatçılar həmçinin nadir medallar işləyib hazırlamağa çalışıblar. Müəllif qeyd edir ki, medalların dizaynı üzərində Rusiyanın “Adamas” müəssisəsinin əməkdaşları Azərbaycan rəssamı Nərgiz Hüseynova ilə birlikdə işləyiblər.
Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə idman arenalarında iştirakçıları və pərəstişkarları Azərbaycanın gözəl təbiətinin və zəngin mədəni irsinin rəmzləri olan rəsmi talismanlar - Ceyran və Nar talismanları əyləndirəcək. Avropa Oyunlarında Belarus yığmasının da öz talismanı olacaq. Belarus Milli Olimpiya Komitəsinin əsas tərəfdaşı olan “Belaqroprombank” ASC tərəfindən hazırlanmış Aqrik personajı fiziki güc və idman ruhu obrazıdır.
Aleksandr Novikov öz məqaləsində yazır ki, birinci Avropa Oyunlarına belə geniş hazırlığı və onun dəqiq təşkili ilə Azərbaycan paytaxtı gələcəkdə Bakının Yay Olimpiya Oyunlarını qəbul etməyə hazır olduğunu göstərir. Yaxın gələcəkdə o, bu hüququ qazanmaq uğrunda mübarizəyə qoşula bilər.