Artıq I Avropa Oyunlarına 2 gün qalıb. Publika.az bu mötəbər turnir üçün tikilən bütün obyektlərlə sizi tanış edib. Son reportaj isə idmançıların məskunlaşacağı Atletlər Kəndindən olacaq.
Möhtəşəmliyi ilə diqqət çəkən arena artıq sakinlərini qəbul etməkdədir. Demək olar ki, müxtəlif ölkələrdən gələn idmançıların çoxu kənddəki yerini alıb.
Biz də Atletlər Kəndinin şəraiti ilə yaxından tanış olmaq üçün həmin əraziyə yollandıq. Sözün əsl mənasında obyekt gözəlliyi ilə möhtəşəm idi.
Evdən kənarda ev ab-havası
İlk Avropa Oyunlarının keçirilməsi zamanı istifadə olunacaq Atletlər kəndi 383 min kvadratmetr sahəni əhatə edir. Atletlər Kəndi paytaxtın şimal-qərb hissəsində, Oyunların keçiriləcəyi əsas idman komplekslərinə - Bakı Olimpiya Stadionuna, Milli Gimnastika Arenasına və Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə gediş-gəlişin rahat və sərfəli olduğu bir ərazidə yerləşir. 13 yaşayış binasından, yardımçı binalardan ibarət kompleksdə iki, üç və dördotaqlı 1042 mənzil var. Atletlər kəndində hər bina 10 və 16 mərtəbədən ibarətdir. Ümumilikdə, mənzildə olan otaqların sayı qədər vanna otağı var. Oyunlarda iştirak edəcək qadınlar da unudulmayıb və onlar üçün kosmetoloji xidmətlər də göstəriləcək.
Hər mənzil 2, 4 və 6 yataq otağından ibarətdir. Ümumilikdə 7 min 878 atletin yerləşə biləcəyi bir ərazidir. Atletlər kəndində idmançılar və komanda rəsmiləri üçün təhlükəsiz, rahat yaşayış şəraiti yaradılıb.
Ümumi sahəsi 383 min kvadratmetr olan yaşayış məntəqəsi otaqların ölçüsünə görə Olimpiya Oyunlarından belə fərqlənir. Burada mənzillər Olimpiada üçün nəzərdə tutulanlardan təxminən 2 dəfə böyükdür.
Atletlər kəndindəki şərait demək olar ki, ev ab-havasına uyğunlaşdırılıb. Hər binanın birinci mərtəbəsində ümumi istirahət yerləri var. Burada pulsuz internetə çıxış imkanı da yaradılıb.
24 saatlıq istirahət mərkəzləri, yeməkxanalar
Atletlər kəndi üzrə menecer Tural Vəlizadə kənd haqda daha yaxından məlumat almaq üçün bizə bələdçilik etdi:
“Hər binanın birinci mərtəbəsində ümumi İstirahət Mərkəzi yerləri yaradılıb. Burada Avropa Oyunlarının yayımlandığı televiziya kanallarını izləmək imkanı da yaradılıb.
Bundan əlavə kənddə 7 böyük istirahət mərkəzi var. Bu mərkəzlərdən 4-ü 24 saat fəaliyyət göstərir. Bundan əlavə camaşırxana, 3 yeməkxana da var. Ərazidə bununla yanaşı, restoran, yeməkxana, camaşırxana da inşa olunub.
Oyunlar müddətində atletləri və qonaqları idman arenalarına vaxtında çatdırmaq üçün inşa edilən böyük avtobus dayanacağında da hər cür şərait yaradılıb.
Yeməkxana ilə də tanış olduğumuz zaman öyrəndik ki, burada idmançılara əsasən dünya mətbəxi təqdim ediləcək. Bunlardan biri “Böyük yeməkxana” adlanır. Yeməkxanada eyni vaxtda 2000-dən çox atletə yüksək səviyyədə xidmət göstəriləcək. Bütün xidmətlər ən yüksək səviyyədə olacaq. İkinci yeməkxanamız “Best of Azerbaijan” adlanır. Burada ölkəmizin mətbəxinə aid təamlar veriləcək və eyni vaxtda 400 idmançı qidalana biləcək. Üçüncü yeməkxana isə işçi qüvvəsi üçün nəzərdə tutulub”.
Tam təhlükəsizlik...
Öyrəndik ki, Atletlər kəndində təhlükəsizlik yüksək səviyyədə qorunacaq. Yalnız kənddəki təhlükəsizlik xidmətinin işçiləri deyil, dövlət tərəfindən də təmin olunacaq. Təhlükəsizliyə Azərbaycan Müdafiə Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları nəzarət edəcəklər.
Hər kəsə yüksək tibbi xidmət - Dopinqə nəzarət
Atletlər kəndində əsas ünvanlardan biri də poliklinikadır. Burada da məqsəd yarışlar zamanı idmançılara, məşqçilərə, qonaqlara, ümumiyyətlə, ehtiyacı olan hər kəsə yüksək tibbi xidmət göstərməkdir.
Bu binada müxtəlif təyinatlı otaqlar, o cümlədən qeydiyyat, müalicə, stomatoloji, oftalmoloji, laboratoriya, rentgen, fizioterapiya və s. xidmət sahələri var. Poliklinika ən zəruri avadanlıqla təchiz olunub. Bu səhiyyə mərkəzi hər gün səhər saat 8-dən axşam saat 20-dək fəaliyyət göstərəcək və günün 24 saatı təcili yardım xidməti olacaq. Dopinq nəzarəti mərkəzi də tibb mərkəzi ilə yanaşı yerləşir.
“Kənd”dəki məktəb
Ərazidə inşa edilən 1100 şagird yerlik yeni məktəb binasında isə hazırda Bakı Avropa Oyunları Koordinasiya Komitəsi çalışır. Atletlər kəndi üzrə menecer Tural Vəlizadə bildirir ki, buranı Atletlər Kəndinin döyünən ürəyi adlandırırlar.
Aygün İlqarqızı
FOTOLAR: Elçin Murad