10 İyun 2015 20:00
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı-2015 Avropa Oyunları Azərbaycanın özünəməxsus zəngin mədəniyyətini nümayiş etdirmək məqsədilə iyunda Bakıda təşkil olunacaq “Mədəniyyət 2015” tədbirlər proqramını açıqladı.

“Mədəniyyət 2015” proqramı Azərbaycanın birinci xanımı və Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın dəstəyi ilə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və bir sıra müstəqil mədəni mərkəzlərin əməkdaşlığı ilə hazırlanıb.

Proqram Azərbaycan mədəniyyəti tarixinin üzərində cəmlənir. Ölkənin Şərqlə Qərbin kəsişdiyi nöqtədə yerləşməsi qədim tarixi məkanların, muğam, klassik və caz musiqisi, opera, rəqs və teatr, milli və müasir incəsənət əsərlərinin böyük toplusunun daxil olduğu unikal irsin yaranması ilə nəticələnib.

Azərbaycanın gənclər və idman naziri, Bakı-2015-in baş icraçı direktoru Azad Rəhimov deyib: “Birinci Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycan üçün böyük şərəfdir və gənc ölkəmizə öz zəngin mədəniyyətini və qonaqpərvərliyini nümayiş etdirmək üçün mükəmməl imkan yaradır. Buraya gələnlərin möhtəşəm mədəni mərkəzlərimizi gəzmək və Oyunlar boyunca gerçəkləşəcək geniş miqyaslı tədbirlərə tamaşa etmək şansı əldə etmələrindən məmnunam”.

Bakı-2015 Bakının əsas mədəni obyektləri və baş tutacaq tədbirlər və sərgilər haqqında ətraflı məlumat verən müfəssəl “Mədəniyyət 2015” broşürünü hazırlamaq üçün öz tərəfdaşları ilə əməkdaşlıq edib.

Bu məkanlara UNESCO-nun Dünya İrsi siyahısına salınmış tarixi İçərişəhər və Qobustan dövlət qoruğu, həmçinin Dövlət Opera və Balet Teatrı, yenicə təmirdən çıxmış Milli İncəsənət Muzeyi, yeni tikilmiş Xalça Muzeyi və Heydər Əliyev Mərkəzi daxildir.

Mədəniyyət mərkəzlərinin hamısı Avropadan və dünyanın müxtəlif yerlərindən gəlmiş rəssamların və musiqiçilərin proqramı ilə yanaşı, Azərbaycanın tarixinə və mədəniyyətinə nəzər salmaq imkanı yaratmaqla Oyunlar zamanı tədbirlər və sərgilər silsiləsi təqdim edəcək.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə bildirib: "Mədəniyyət 2015" proqramı ölkəmizə gələnlərə şəhərimizin mədəniyyətinin qeyri-adi müxtəlifliyini nümayiş etdirmək üçün təşkil olunub. Bu proqramın onları əyləndirəcəyinə, məlumatlandıracağına və ruhlandıracağına əminəm. Bütün qonaqlarımıza Bakıda vaxtlarını xoş keçirməyi arzu edir və təqdim olunan çoxsaylı tədbirlərdə iştirak etməyə dəvət edirəm".

İçində xəritələr, bilet və praktik məlumatın olduğu broşürlər pulsuzdur və onları hotellər, mədəni obyektlər, eləcə də şəhərin müxtəlif bilet satış məntəqələrindən əldə etmək mümkündür.


Müəllif: