İyunun 10-da Azərbaycan Boks Federasiyasında “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edəcək boksçularla görüş keçirilib.
Tədbirdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov çıxış edərək ölkəmizin tarixi hadisə ərəfəsində olduğunu deyib. O, dövlətimizin başçısı İlham Əliyevin idmana böyük diqqət və qayğı göstərdiyini qeyd edərək, hər kəsin boksçularımızdan uğurlu nəticə gözlədiyini bildirib. Vitse-prezident Avropa Oyunlarının Bakıda keçirilməsinin hər bir idmançımızın üzərinə daha böyük məsuliyyət qoyduğunu vurğulayıb.
Milli komandamızın baş məşqçisi Pedro Rok boksçularımızın yarışlara yaxşı hazırlaşdıqlarını söyləyib. Kubalı mütəxəssis Meksikadakı təlim məşq toplanışından sonra Bakıda İrlandiya və Bolqarıstan seçmələri ilə birgə son hazırlıq mərhələsinə qədəm qoyduqlarını deyib. Milli komandamızın kapitanı, ikiqat dünya və Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov komandada yüksək əhval-ruhiyyənin olduğunu bildirib. Boksçumuz Avropa Oyunlarında yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb.
Boks yarışları iyunun 16-dan 27-dək “Baku Crystal Hall”da keçiriləcək. Komandamız kişilərin yarışında 10, qadınların turnirində isə 5 idmançı ilə təmsil olunacaq.