Ayaz Orucov: “Birinci Avropa Oyunları Azərbaycana böyük nüfuz, divident gətirəcək və yeni-yeni dostlar qazandıracaq”
“Birinci Avropa Oyunlarından danışarkən Prezident İlham Əliyevin Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı münasibətilə Azərbaycan xalqına 10 dekabr 2012-ci ildəki təbrikində söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdim:
“Bu bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olub”. Cənab İlham Əliyev eyni zamanda bu əminliyi ifadə edib ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik. 24 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın ötən dövr ərzində qazandığı uğurlara diqqət yetirmək kifayətdir ki, ölkəmizlə bağlı beynəlxalq səviyyədə atılan uğurlu addımların, qəbul edilən qərarların, söylənilən hər bir xoş fikrin səbəbi açıqlansın. Baş Assambleyanın iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səsi qazanan Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etmək şansını qazanması təbii ki, böyük uğurdur. Düşünülmüş və məqsədyönlü siyasət daim ölkənin davamlı inkişafına, uğurlarının ardıcıllığına yol açır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim sözümüzün imzamız qədər qüvvəsi var. Dostlarımızın sayı artır. Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. Etibarlı tərəfdaş kimi tanınır. Nəzərə alsaq ki, bizə qarşı həm dünya erməniləri, eyni zamanda, Azərbaycanın uğurlarını qəbul etmək istəməyən, bunu həzm edə bilməyən qüvvələr daim kampaniya aparır, bu inamı qazanmaq o qədər də asan məsələ deyil”. Teleqraf.com-un məlumatına görə, bunu YAP-ın saytına müsahibəsində Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Ayaz Orucov deyib.
Onun sözlərinə görə, ölkəmizin bu gün dünyada yeri və rolunun artması, beynəlxalq münasibətlər sisteminin ən fəal üzvü kimi nüfuz qazanması da bu gerçəkliyi təsdiqləyir ki, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır: “Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı da keçilən yola verilən dəyərdən, eyni zamanda ölkəmizdə idmanın inkişafına göstərilən önəmdən qaynaqlanır. Bu siyasətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, idman elə bir sahədir ki, Azərbaycanın müstəqilliyinin rəmzlərinin dünyaya təqdimatında əhəmiyyətli rol oynayır. İdman tədbirlərində əldə olunan qələbələr dövlət himnimizin səsləndirilməsi, bayrağımızın yüksəklərə qaldırılması ilə nəticələnir. Bu isə Azərbaycanın bir daha təqdimatı, bir dövlət olaraq tanıdılması üçün böyük uğurdur. Azərbaycan həm də beynəlxalq olimpiya hərəkatının fəal üzvlərindəndir. İdmançılarımızın möhtəbər beynəlxalq yarışlarda qazandığı uğurların sayı ildən-ilə artır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarına uyğun olaraq Azərbaycanın əksər böləgələrində müasir standartlara uyğun Olimpiya Kompleksləri, digər idman qurğuları yaradılıb. Bu, eyni zamanda ölkədə idmanın kütləviliyini şərtləndirən mühüm amillərdən biridir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Avropa Olimpiya Komitəsinin məlum qərarının qəbulunda Azərbaycanın beynəlxalq nüfuzu, iqtisadi inkişafı, sabitlik diyarı kimi tanınması mühüm amil olmaqla yanaşı, idmançılarımızın qələbəsi də əhəmiyyətli rol oynayıb. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan Avropa Olimpiya Oyunları keçirmək üçün bütün imkanlara malikdir”.
A.Orucov qeyd edib ki, aprelin 26-I ilk Avropa Oyunlarının həyacanının başlanğıc günü kimi tarixə düşdü: “Həmin tarixdə Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə kimi qiymətləndirilən birinci Avropa Oyunlarının Bakıda məşəli alovlandırıldı. Prezident İlham Əliyevin, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əiyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin iştirak etdiyi tədbirdə bir daha qeyd olundu ki, bu gün biz tam məsuliyyətlə deyə bilərik ki, iki il yarım ərzində görülmüş işlər ən yüksək səviyyədədir. Biz bu gözəl idman bayramını yüksək səviyyədə keçirəcəyik. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir bölgəsini gəzib dolaşaraq, yenidən Bakıya gətirildi. Qeyd edildiyi kimi, sülh, dostluq və təntənə mesajını hər yerə yayan bu kimi tədbirlər, eyni zamanda birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Milli Olimpiya Komitəsinin üzvü, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə dünyanın ayrı-ayrı ölkələrində “Bakı-2015” Birinci Avropa Oyunlarının təqdiamatının keçirilməsi Azərbaycan reallıqlarının təbliği, bugünkü uğurlarımıza baxış və gələcək barədə aydın təsəvvürün yaradılması baxımından xüsusi əhəmiyyət kəsb etdi. Hazırlıq işlərinin yüksək səviyyədə təşkili, dünyanın bu oyunlara göstərdiyi maraq hər bir Azərbaycan vətəndaşında böyük ruh yüksəkliyi yaradır, oyunlarda qələbəmizin qaçılmaz olduğuna əminliyimizi daha da artırır. Beynəlxalq Olimpiya Komitəsinin rəsmilərinin də böyük inamla qeyd etdikləri kimi, idman yarışları uğurla keçiriləcək. Qələbələrin təməli məhz “Bakı-2015” yarışlarında qoyulacaq”.
Deputat bildirib ki, bu gün istər ölkə, istərsə də dünya mətbuatında birinci Avropa Oyunlarının əhəmiyyəti geniş şərh olunmaqdadır: “Bu oyunların dünyanın idman tarixində yeni səhifə açacağı xüsusi qeyd edilir. Birinci Avropa Oyunları Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq, dünyanın diqqətini ölkəmizə yönəltməklə həqiqətlərinin təbliğinə öz töhfəsini verəcək. Oyunlara qatılacaq 6 min idmançının hər biri, eyni zamanda oyunları izləyəcək hər bir iştirakçı Azərbaycan gerçəklikləri ilə yaxından tanış olaraq ölkələrə qayıtdıqda onların ictimaiyyətə çatdırılmasında bir vasitə rolunu oynayacaqlar. Əbəs yerə deyilmir ki, idman sağlamlıq olmaqla yanaşı, eyni zamanda siyasətdir. Birinci Avropa Oyunları eyni zamanda ölkəmiz üçün iqtisadi divident deməkdir. Azərbaycan bu gün dünyada investisiya cəlbediciliyini qoruyan ölkə kimi tanınır və nüfuz qazanıb. Son 11 ilə ölkə iqtisadiyyatına 180 milyard doollara yaxın investisiyanın qoyulması Azərbaycanın bu gününə və gələcəyinə olan inamdan irəli gəlir. Azərbaycan bu gün turizmin inkişafı baxımından da dünyanın diqqətindədir. Təbii ki, bu vəhdət fonunda birinci Avropa Oyunlarının ölkəmiz üçün iqtisadi əhəmiyyəti daha aydın nəzərə çarpır. Həmçinin, oyunlar Azərbaycan üçün gözəl sosial təbliğat vasitəsi olacaq. Ölkə əhalisinin üçdə ikisinin yaşı 35-dən aşağıdır və bu böyük təbəqə idmanın təşviq etdiyi amallar haqqında məlumatlar alacaq. Avropa Oyunlarının keçirilməsi üçün yaradılmış infrastruktur şəhərimizin və ölkəmizin gələcəkdə digər beynəlxalq idman yarışlarına ev sahibliyi etməsini də asanlaşdıracaq. 2016-cı ildə biz Dünya Şahmat Olimpiadasını keçirəcəyik, eyni zamanda, ilk dəfə olaraq “Formula-1” yarışları regionumuza gələcək. 2017-ci ildə isə Bakı müsəlman dünyasını bir araya gətirən İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək”.
A.Orucov qeyd edib ki, daim gerçəkləşdirdiyi layihələrlə, ev sahibliyi etdiyi tədbirlərlə Şərqlə Qərb arasında körpü rolunu günbəgün möhkəmləndirən Azərbaycan ilk Avropa Oyunlarına ev sahibilyi etməklə əməkdaşlıq, dostluq, birlik rəmzi dəyərləndirən bu bayram tədbirini yüksək səviyyədə keçirmək imkanındadır: “İki il ərzində bir ölkədə, bir şəhərdə həm Avropa Olimpiya, həm də İslam Həmrəyliyi oyunlarının keçirilməsinin rəmzi mənası var. Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı çoxmillətli, çoxkonfessiyalı və çoxmədəniyyətli ölkədir. Bu gün Azərbaycan daha çox aktuallaşan sivilizasiyalararası dialoqa öz dəyərli töhfəsini verir. Düşünürəm ki, bu oyunlar Azərbaycanın mədəniyyətinin, zəngin multikulturalizm ənənələrinin, turizm imkanlarının, həmçinin Azərbaycan brendi olan məhsulların təbliği baxımından da çox faydalı olacaq. Qeydə olunanların fonunda ümuiləşdirmə aparsaq, böyük fəxr və inam hissi ilə qeyd edə bilərik ki, birinci Avropa Oyunları 24 ilə yaxın müsəqillik tarixinə hər gün davamlı uğurları ilə yeni-yeni səhifələr yazan Azərbaycana böyük nüfuz, divident gətirəcək, idman həyatında möhtəşəm izlər qoyacaq, yeni-yeni dostlar qazandıracaq. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin vurğuladığı kimi, gənc, peşəkar idmançılar bizim fəxrimizdir, onlar Azərbaycanı dünyada ləyaqətlə təmsil edir, qazandıqları medallarla ölkəmizin adını daha da yüksəklərə ucaldırlar. Azərbaycan artıq idman dövləti kimi özünü təsdiq edib. Azərbaycan tarixinə yazılan hər bir uğurlu səhifə növbəti uğurlar üçün əsas rolunu oynayır”.
Səxavət HƏMİD