Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin ədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barronla görüşüb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan-Meksika əlaqələrindən söz açan Ziyafət Əsgərov son illər ölkələrimiz arasındakı əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bildirdi. O, ölkələrimizin beynəlxalq qurumlardakı səmərəli əməkdaşlığından danışıb. Meksikanın həmin təşkilatlarda, eləcə də Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ probleminin nizamlanması məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə, Meksika parlamentində bu münaqişəyə və Xocalı soyqırımına dair qəbul edilən sənədlərə görə dost ölkənin hökumətinə təşəkkürünü bildirdi. Əlaqələrimizin inkişafında hər iki parlamentdə fəaliyyət göstərən dostluq qruplarının işini xüsusilə vurğuladı. İndiyədək iki ölkə arasında 5 sənəd imzalandığını, 26 sənəd üzərində iş aparıldığını deyən Ziyafət Əsgərov iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər potensialın olduğunu bildirdi.
Azərbaycana ikinci dəfə səfər etdiyini söyləyən Qabriela Kuevas Barron bu dəfəki gəlişində ölkəmizdə daha böyük tərəqqi müşahidə etdiyini bildirdi. Birinci Avropa Oyunlarını izləmək üçün Bakıda olduqlarını deyən qonaq Azərbaycanın bu geniş miqyaslı tədbirə ləyaqətlə ev sahibliyi edəcəyinə ümidvar olduğunu dedi. Meksikanın hər zaman Azərbaycanın yanında olduğunu ifadə edən Barron bir çox sahələrdə ölkəmizin təcrübəsinin öyrənilməsinin önəmini qeyd etdi. Ötən il Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə Meksika Senatı Xarici Əlaqələr komitəsi arasında Bakıda imzalanan “Əməkdaşlıq və parlamentlərarası dialoq haqqında” Anlaşma Memorandumunu xatırladı və səfərlərin intensivləşdirilməsinin vacibliyini vurğuladı.
Nemət