“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində Mingəçevir şəhərində keçiriləcək kayak və kanoe qayıqlarında avarçəkmə yarışlarının başlanmasına iki gün qalıb. 37 ölkədən 295 tanınmış idmançı bu mötəbər yarışlarda iştirak edərək mükafat qazanmaq üçün Mingəçevirə gəliblər. Komandaların üzvləri və onları müşayiət edən nümayəndə heyətləri yüksək səviyyədə qarşılanıb və qonaqların Atletlər Kəndində yerləşdirilməsi təmin olunub.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin direktoru Natiq Abbasov deyib. O, hazırda avropalı idmançıların Kür çayında yarışlara son hazırlıq məşqlərini keçdiyini bildirib: “Onlar təlim-məşq prosesini iyunun 12-13-də davam etdirəcəklər. İdmançıların Atletlər Kəndindən “Kür” Olimpiya Tədris İdman Mərkəzinədək gediş-gəlişinin rahat şəkildə və fasiləsiz təmin olunması üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. İdmançılarla yanaşı, hakimlər və rəsmi qonaqlar da artıq Mingəçevirdədirlər. Onlar “Kür” Olimpiya Tədris İdman Mərkəzinin otelində və Mingəçevirdəki digər 2 oteldə yerləşiblər”.
Natiq Abbasov Mingəçevir şəhərinin bu mötəbər yarışlara tam hazır olduğunu bildirərək deyib: “MDB məkanında bənzəri olmayan “Kür” Olimpiya Tədris İdman Mərkəzində yaradılan şərait avropalı idmançıların ürəyincə olub. Onlar eyni fikri söyləyirlər ki, bu avarçəkmə mərkəzi Avropada su idman kompleksləri arasında ən adaptasiya olunmuş, yəni düzgün planlaşdırılaraq inşa edilmiş idman mərkəzidiq. Çünki burada hər bir məsələyə kompleks şəkildə yanaşılıb. Yəni, Kür çayının sahilində 7 hektar ərazidə otel, trenajor zalı, üzgüçülük hovuzu, fitnes zalı və digər məşq və istirahət yerləri, eləcə də yarış yerləri mövcuddur. Başqa ölkələrdə isə bu idman qurğuları ayrı-ayrı yerlərdədir ki, bu da idmançıların məşq və yarışlar zamanı narahatlığına səbəb olur”.
Natiq Abbasov Azərbaycan idmançılarının da bu mötəbər yarışlara yüksək səviyyədə hazırlaşdığını bildirib. O, yığma komandamızın üzvlərinin artıq Mingəçevirdəki Atletlər Kəndinə gələrək Olimpiya ailəsinə qoşulduğunu vurğulayıb: “Avarçəkənlərimiz yarışlara hazırlıq məqsədilə bir müddət Qəbələdə təlim-məşq toplanışında iştirak ediblər. Mingəçevirdə keçiriləcək Avropa Oyunlarında iştirak edəcək əcnəbi idmançılardan 40 nəfəri Olimpiya Oyunlarının mükafatçılarıdır ki, onlardan 20 nəfəri qızıl medal sahibidir. Birinci Avropa Oyunları çərçivəsində 20 idman növü üzrə keçiriləcək yarışlarda 100-ə yaxın Olimpiya çempionu iştirak edəcəksə, onlardan 20-si məhz avarçəkənlərdir. Bu, başqa idman növləri ilə müqayisədə avarçəkmə yarışlarının ən böyük göstəricisidir. “Kür” Olimpiya Tədris İdman Mərkəzi artıq Avropada avarçəkmə yarışlarının keçirilməsi üçün nəzərdə tutulan ən yaxşı idman komplekslərindən biri hesab olunur. Ona görə də Mingəçevir tanınır, qəbul edilir, buraya gəlmək istəyirlər. Hazırda Mingəçevirdə hava şəraiti yaxşıdır, isti və günəşli hava, eləcə də küləyin olmaması avarçəkmə yarışları üçün daha əlverişli hesab olunur. İnanırıq ki, birinci Avropa Oyunları yüksək səviyyədə keçəcək və əcnəbi idmançılar, rəsmi qonaqlar, turistlər Mingəçevirdən xoş təəssüratlarla ayrılacaqlar”.