İtaliya mətbuatı “Bakı-2015” ilə bağlı silsilə məqalələr yaymağa davam edir. Yazılarda ilk Avropa Oyunlarına hazırlıq, idmançılar, ölkəmizdə idmanın inkişafı və digər məqamlar barədə məlumatlar yer alır.
“Opinione Pubblica” xəbər saytında “Azərbaycan: dünya idmanının gələcək qüdrəti” sərlövhəli məqalə yerləşdirilib. Yazıda Azərbaycanda idmanın inkişafı istiqamətində qəbul olunmuş dövlət proqramları, icra olunan layihələr, keçirilən tədbirlər barədə ətraflı məlumat verilir. Müəllif diqqətə çatdırır ki, Azərbaycanda idmanın inkişafı prioritet istiqamətlərdən biridir. Olimpiya Hərəkatının genişləndiyi bu ölkənin idmançıları nüfuzlu yarışlarda yüksək nailiyyətlər əldə edirlər. Prezident İlham Əliyev tərəfindən 2012-ci ilin “İdman ili” elan olunması müvafiq sahənin tərəqqisi üçün dönüş nöqtəsi oldu. Hazırda bu ölkədə idman infrastrukturunun inkişafı diqqət mərkəzindədir. Xüsusilə Avropa Oyunları ərəfəsində önəmli idman obyektləri inşa olunub.
“Avvenire” xəbər saytında yerləşdirilimiş digər məqalədə isə Xəzərin sahilində yerləşən Azərbaycanın bu cür önəmli idman tədbirinə ev sahibliyi etmək iqtidarında olduğu vurğulanır. Coğrafi cəhətdən Avropadan nisbətən uzaqda yerləşən Bakıda olan hər kəs özünü Köhnə qitənin mərkəzində hiss edir.
Müəllif vurğulayır: “Bakıda Avropa Oyunları üçün hazırlıq möhtəşəm səviyyədə həyata keçirilib. Rekord bir müddətdə - cəmi 30 ay ərzində yarışlar üçün lazımi infrastruktur yüksək səviyyədə yaradılıb. Güclü atletlərin qatılacağı bu yarışlar şübhəsiz ki, gərgin mübarizə şəraitində keçəcək”.
“Termometro Sportivo” isə Avropa Oyunlarının başlanmasını tarixi bir məqam kimi dəyərləndirir. Yazıda yarışlar, Oyunlarda iştirak edəcək italiyalı idmançılar, Azərbaycanın yüksək səviyyəli ev sahibliyi barədə məlumatlar yer alır. Eyni zamanda, ölkəmizdə son illər müşahidə olunan iqtisadi inkişafdan və tərəqqidən də bəhs olunur.