Ticarət obyektlərində tərcüməçiyə gərək varmı?
Məlum olduğu kimi, ölkədə "Bakı-2015" I Avropa Oyunları keçirilir. İyun ayının 28-nə kimi davam edəcək tədbirə idmançılarla yanaşı, çoxlu sayda turist də qatılıb.
Təbii olaraq əcnəbi qonaqlar şəhərin iaşə obyektlərinə üz tutur, alış-verişə də çıxırlar. Bu aralar paytaxtda fəaliyyət göstərən ticarət və iaşə obyektlərinin Avropa Oyunlarına hazırlığı da diqqətdə olan məsələlərdəndir.
Bildirilir ki, yarışların keçirildiyi üç gün ərzində "Bakı-2015" rəsmi mağazalarında Avropa Oyunlarının rəmzlərinin əks olunduğu malların ümumi satış həcmi 400 min manatdan ibarət olub, bu, ABŞ-ın dolları ilə ifadə edildikdə təxmini eyni məbləğə ekvivalentdir.
Bu barədə TASS-a Azərbaycanın paytaxtında idman obyektlərinin birində yerləşən ticarət məntəqəsinin meneceri bildirib: "Bütün "Bakı-2015" rəsmi mağazalarının bir kompüter bazası mövcuddur, ona görə də mən bazar ertəsinin axşamına qədər üzərində Avropa Oyunlarının atributları olan malların satışından əldə edilmiş məbləğin 400 min manatdan bir qədər çox olduğunu deyə bilərəm. Azarkeşlərdə ən çox tələbat isə Azərbaycan bayrağına olub. Bu gün bizdə 1000 bayraq olub, axşama doğru isə, gördüyünüz kimi, yalnız vitrindəki bir bayraq qalıb".
Menecer deyib ki, bazar ertəsi alıcıların əsas hissəsi qadın və uşaqlar olub: "Kişilər, çox güman ki, indi işdədirlər və pul qazanırlar. Onların xanımları və uşaqları isə bura gələrək alış-veriş edir, sonra isə öz sevimli komandalarına azarkeşlik etməyə gedirlər. Yarışlar təzə başlayıb, əldə edilən ümumi gəlir gündən-günə artır. Azarkeşləri sakitləşdirmək istərdim. Oyunların rəmzləri olan mallar çoxdur, hamıya çatacaq".
Oyunların talismanlarından olan narın əks olunduğu bənövşəyi qısaqol köynəklər də tələb olunan mallar sırasındadır: "Ümumiyyətlə, narın, ceyranın əks olunduğu mallardan daha çox alırlar. Bunun nə ilə əlaqədar olduğunu izah etməkdə çətinlik çəkirəm. Amma üzərində nar əks olunan malları həmişə əlavə sifariş etməli oluram".
Yerli çayxanalarda istifadə edilən çay dəstlərinə də böyük tələbat var. Üzərində oyunların rəmzi olan bu dəstin qiyməti 25 manatdır. Amma satışda olan ən bahalı mal nərddir, onun dəyəri 50 manatdır.
Bəzi məlumatlara görə, satıcıların xarici dil bilməməsi üzündən alış-veriş zamanı əcnəbilərlə ünsiyyətdə çətinlik yaranır. Bunun əsasən marketlərdə olduğu bildirilir. Odur ki, paytaxtın bəzi iri super marketlərinə baş çəkdik. 7 və 8-ci mikrorayon ərazisindəki "Favorit", "Araz", "Rahat", "Qızılgül" və "Fərid" marketlərin heç birində tərcüməçinin olmadığını dedilər. Yalnız "Rahat" marketdə kassirlərdən iki nəfərinin ingilis dilində danışa bildiyini təsdiqlədilər.
"Favorit" marketlər qrupunun marketinq şöbəsindən isə iri ticarət mərkəzlərində və marketlərdə xarici dil bilən satıcı və kassirlərə ehtiyac olmadığını dedilər.
"Bu tapşırıqlar çox əhəmiyyətlidir"
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, marketlərdə və kassa aparatı, POS-terminallar olan digər yerlərdə tərcüməçiyə və ya əcnəbi dil bilməyə gərək yoxdur: "Onsuz da əksər xarici dövlətlərdə artıq illərdir nəğd ödənişlərdən imtina olunub, istər əhali, istərsə də turistlər, hamı kartla alış-veriş etdiyi üçün satıcıyla dialoqa gərək qalmır".
Eyyub Hüseynov dil bilənlərin turistlərin qələbəlik olduğu səyyar satış obyektlərində olmasını vacib sayır: "Məlumdur ki, ölkəyə gələn əcnəbilər xatirə olaraq suvenir hədiyyələr, simvolik əşyalar alacaq. Həmin məhsullar isə bir qayda olaraq fərdi satıcılar tərəfindən təqdim edilir. Yəni marketlərdə az olur. Ona görə də İçərişəhərdə, şəhərin mərkəzi yerlərində və turistlərin çox olduğu yerlərdə satıcı-tərcüməçilərə ehtiyac var. Ümumiyyətlə, nəqliyyat, iaşə, ticarət və digər sahələrdə çalışanlar Azərbaycanın imicinin daha da yüksəldilməsi üçün müəyyən işlər aparmalıdır. Təsadüfi deyil ki, İqtisadiyyat və Sənaye Nazirliyi də tapşırıqlar verib. Bu tapşırıqlar çox əhəmiyyətlidir.
Yaxşı olar ki, mağazaların daxili məhsullar olan bölmələrində Azərbaycanın məhsulları olduğu barədə məlumat yerləşdirilsin. Xidmət göstərənlər ingilis dilində adi sözləri bilərsə yaxşı olar. İnsanlarla xoş rəftar, istehlakçılara qarşı diqqətli olmaq da qonaqpərvərliyimizin bir hissəsidir".
POS-terminalların sayı 86 minə çatıb
Aidiyyəti qurumlardan isə bildirirlər ki, ölkədə nağdsız ödənişlərin tam şəkildə və vaxt itirmədən, o cümlədən maneəsiz olaraq reallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Belə ki, I Avropa Oyunları ərəfəsində ölkəmizə çoxlu sayda turistin gələcəyi gözlənildiyi üçün onların artan tələbatını qarşılamaq məqsədi ilə növbəti addımlar atılıb.
İlk dəfə keçiriləcək I Avropa Oyunları ərəfəsində nağdsız ödənişlərin həyata keçirilməsinin təmin edilməsi üçün POS-terminalların quraşdırılması və onlardan istifadə qaydalarına əməl olunması ilə bağlı tədbirlər davam etdirilir.
Belə ki, Bakı və Mingəçevir şəhərlərində, xüsusilə də I Avropa Oyunları keçiriləcək 18 arena və onların ətrafında yerləşən təsərrüfat subyektlərində yerləşən müxtəlif ticarət, əyləncə, ictimai-iaşə. obyektlərində POS-terminalların quraşdırılması başa çatdırılıb.
Bakı şəhəri üzrə 53 min 700, Mingəçevir şəhəri üzrə isə 1929 ədəd POS-terminalın quraşdırılması təmin edilib, I Avropa Oyunları keçiriləcək arenalar və onların ətrafında yerləşən obyektlərdə POS-terminallardan istifadə olunma qaydalarına əməl olunmasının nəzarətdə saxlanılması üçün həmin ərazilərə vergi orqanlarının əməkdaşları təhkim edilib.
Bütövlükdə ölkədə quraşdırılmış POS-terminalların sayı 86 minə çatıb ki, onların da 62,4 faizi Bakı şəhərinin, 37,6 faizi isə digər şəhər və rayonların payına düşür.
Naibə Qurbanova