17 İyun 2015 20:31
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

New Europe saytında ilk Avropa Oyunları ilə bağlı yazı dərc edilib. Teleqraf.com Trend-ə istinadən həmin yazını təqdim edir

Pan-Amerika, Asiya Oyunları kimi qitə miqyaslı idman yarışı artıq Avropaya da gəlib çatdı: bu günlərdə Azərbaycanda birinci Avropa Oyunları keçiriləcək. Avropa qitəsini əhatə edəcək ilk genişmiqyaslı idman yarışı olduğundan, beynəlxalq ictimaiyyətin diqqəti həmin oyunlara və onun təşkilatçısı – Azərbaycana yönəlib.

Amma bu diqqət birmənalı deyil – oyunları bütün qitəni birləşdirən böyük idman bayramı kimi qəbul edənlərlə yanaşı, diqqəti tamam başqa istiqamətlərə yönləndirənlər də tapılır. Ənənəvi qaydada idmanla heç bir əlaqəsi olmayan məqamlar – Azərbaycanın daxili məsələləri kəskin şəkildə qabardılır. Xüsusilə insan haqları və bəzi fəalların, jurnalistlərin həbsi geniş müzakirə mövzusuna çevrilir. Bununla yanaşı, insan haqlarının durumuna görə Azərbaycanı tənqid edən Qərb mediası problemin təfərrüatına vatmaq istəmir və ardıcıl şəkildə eyni fikirləri və ittihamları təkrarlayır.

Azərbaycan rəsmilərinin dəfələrlə fakt və sübutlarla ortaya qoyaraq öz prinsipial mövqelərini belə əsaslandırırlar ki, hər bir şəxs törətdiyi cinayət əməlinə görə qanun qarşısında cavab verməlidir və onun əqidəsi, siyasi baxışları və peşə fəaliyyəti törədilən qeyri-qanuni əmələ heç bir toxunulmazlıq zəmanəti verə bilməz. Əslində, Qərbin elə öz standartlarına görə, sivil cəmiyyətin əsas göstəricilərindən biri qanun qarşısında hamının bərabərliyi prinsipidir. Məsələn, 2011-ci ildə Böyük Britaniyada həbs olunan jurnalist Cimmi Savilin adı pedofiliyada hallananda heç bir yerli media orqanı bunu söz azadlığının məhdudlaşdırılması və ya jurnalistə təzyiq kimi dəyərləndirmədi. Söhbət Azərbaycana gəldikdə isə, yanaşma və şərh tamam başqa xarakter alır. Xüsusilə də, Bakıda keçirilən hansısa genişmiqyaslı tədbirlər ərəfəsində.

Bir müddət bundan əvvəl Azərbaycan mediası ABŞ və Avropadan mərkəzləşdirilmiş qaydada bu ölkəyə qarşı hücumların təşkil olunacağı barədə məlumatları geniş müzakirə etdi. Konkret sənədlərə əsasən açıqlanan məlumatlarda bildirilirdi ki, 2015-ci il yanvarın 15-16-sı Praqada keçirilmiş toplantıda l Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı tənqid kampaniyasını nəzərdə tutan layihənin ilkin konturları işlənilib hazırlanıb və Danimarkanın İnternational Media Support təşkilatı bu layihənin koordinatoru müəyyən edilib. Buna paralel olaraq ABŞ Dövlət Departamentinin dəstəyi ilə analoji kampaniyanın təşkili National Endoüment for Demokracy (NED) təşkilatına həvalə edilib. ABŞ və Avropanın müxtəlif fondları, xüsusilə Soros Fondu və USAİD kimi qurumlar həmin layihələrin dəstəkçisi kimi müəyyənləşdiriliblər.

Buna görə də Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı ayrı-ayrı Qərb KİV-lərində peyda olan və eyni tezislər əsasında yazilan “ifşaedici” məqalələr yerli ictimaiyyət tərəfindən ironiya ilə qarşılanır.

Qərb mediası və təşkilatlarının hansısa miqyaslı tədbir ərəfəsində təşkilatçı ölkələrə qarşı kampaniyası o qədər açıq və əcaib forma alıb ki, bunu artıq həmin kampaniyada iştirak etməyən xarici jurnalist dairələri də açıq hiss etməyə başlayıblar. Məsələn, İspaniyanın larepublica.es saytı yazır – “Çin olimpiadası zamanı, eləcə də Soçidə keçirilən oyunlar vaxtı bu ölkələrə olunan təzyiqlər hamının yadındadır. Təəsüf ki, bəzi ölkələr öz siyasi maraqları naminə bu cür idman yarışlarından ev sahibi dövlətlərə qarşı istifadə edirlər. Azərbaycan 1918-ci ildən bu yana qonşu Ermənistanla münaqişələr yaşamaqdadır. XX əsrin sonlarında isə ölkənin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Avropa oyunlarının keçirilməsi, təbii ki, Azərbaycanın müsbət imicini yaradır və bu, münaqişənin digər tərəfi olan Ermənistana əl vermir. Əgər Azərbaycanda vəziyyət həqiqətən də bu cür acınacaqlı olsaydı, Avropanın rəsmi qurumları indiyədək eyni təzyiqlərlə mütləq ölkəyə təsir edərdilər”.

Jurnalistin sözlərini Avropa Birliyinin öz saytında yerləşdirdiyi rəsmi açıqlama da təsdiqləyir. Qurum sözügedən təzyiq və kampaniyaların Avropa birliyinin rəsmi mövqeyini əks etdirmədiyini bildirərək, Avropa Oyunlarının başlamasını səbirsizliklə gözlədiyini qeyd edir.

Azərbaycan rəsmiləri dəfələrlə bildiriblər ki, ölkəyə qarşı qərəzli iddialar irəli sürən və “insan haqlarının müdafiəçiləri” qismində çıxış edən qurumlar, indiyədək Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ev-eşiyindən didərgin düşmüş 1 milyondan artıq azərbaycanlının hüququndan ümumiyyətlə danışmırlar. Ona görə də, azərbaycanlıların əksəriyyəti bu cür faktı “görməyən və eşitməyən” media qurumlarının hazırkı mövqeyinin Ermənistanın mövqeyi ilə üst üstə düşdüyünü hesab edirlər. Axı, Azərbaycanın pis imicdə təqdim olunması və qaçqın-köçkünlərin diqqətdən kənarda qalması ilk növbədə rəsmi Yerevanın maraqlarına cavab verir.

Odur ki, Azərbaycan hakimiyyəti ölkə ictimaiyyətinin həm bu qərəzli kampaniyaya yanaşmada, həm də ölkədaxili ictimai-siyasi proseslərin gedişində iqtidarı tam dəstəklədiyinə əmindir. Sübut üçün uzağa getmək lazım deyil – “Milli Şura” adı altında birləşmiş müxalifət partiyalarının hakimiyyətlə razılaşdırılmış mitinqlərinə çox az sayda insanın toplaşması da müxalifətin özünə tərəfdar toplamaqda nə qədər zorlandığını göstərir.

Lakin dünya mediasinda Azərbaycanda keçiriləcək Avropa Oyunlarına obyektiv və sırf idman nöqteyi-nəzərindən yanaşanlar da az deyil. İdman bayramını bayağı kampaniya ilə gözdən salmağa çalışanlardan fərqli olaraq, obyektiv və peşəkar müşahidəçilər reallığı yaxşı görür. Xarici müşahidəçilərin apardığı monitorinqlər göstərir ki, Azərbaycanda çoxlu sayda müstəqil media orqanları var ki, hakimiyyətlə bağlı cəsarətli materiallar verir, iqtidarın ünvanına sərt ittihamlar səsləndirir, hələ bir təhqirlər də yol verirlər. Və nə həmin qəzetlər bağlanır, nə də jurnalistlər həbs edilir. Elə isə, bu isterika, eyni tezislər əsasında yazılan və yayılan yalançı ittihamlar, bəzi KİV və təşkilatların qaldırdığl şivən nə deməkdir? Axı, Azərbaycan siyasi forum, zirvə görüşü və ya sammit yox, İDMAN YARIŞI keçirir. Azərbaycan bütün Avropaya bir idman bayramı yaşatmaq istəyir. Cavabında isə qısqanclıq və qərəzlə “mükafanlandırılır”.


Hakimiyyət rəsmilərindən olan Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov əmindir ki, bəzi qurum və media orqanlarının apardığı bu kampaniya müstəqil siyasət yürüdən və kimlərinsə iradəsinə baş əyməyən dövlətlərə qarşı bir təzyiq vasitəsidir. Amma cənab Həsənov ona da əmindir ki, bu kampaniyanın arxasında duranlar Azərbaycanı öz müstəqil siyasətindən döndərməyə müvəffəq olmayacaqlar .


Müəllif:

Oxşar xəbərlər