“Qızıl medalın bir addımlığındayam, amma rəqibim də güclüdür”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında finala yüksələn taekvondoçu Radik İsayev (-80kq) qələbə təəssüratlarını bölüşərkən deyib.
Finalda Rusiya təmsilçisi Vladislav Larinlə döyüşəcək taekvondoçumuz rəqibi ilə keçirəcəyi həlledici döyüşündən də danışıb: “Rusiyalı rəqibimlə iki dəfə qarşılaşmışam və ona məğlub olmuşam. Allahın köməkliyi ilə bu dəfə ona qalib gəlməyə çalışacağam. 4 saatdan sonra məni həlledici döyüş gözləyir. İndi çay, kofe içib, dincələcəyəm və tatamidə qalib olmağa çalışacağam”.
Hollandiyalı Jeron Vanruijla ilə ilk döyüşünün ağır keçdiyini deyən R.İsayev bildirib ki, ikinci rəqibi sloveniyalı İvan Traykoviçlə də zəif deyildi: “Amma mən ondan daha yaxşı olduğuma görə qalib gəldim”.
Döyüşün nəticəsindən asılı olmayaraq R.İsayev yaxınlarını görmək üçün ailəsinin yaşadığı şəhərə gedəcəyini deyib: “Ailəmlə istirahət edəndən sonar yenə məşqlərimə davam edəcəyəm. O qədər də çox vaxtımız yoxdur, Rio de Janeyrodakı olimpiyadaya düşmək üçün çalışmalıyam. Ailəm, qohumlarım burada deyil, amma dostlarım Bakıdadır, qazandığım bütün qələbələrimi ailəmə həsr edirəm”.
Nərgiz