22 İyun 2015 11:04
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri I Avropa Oyunları çərçivəsində baş tutan yarışları yaxından izləyir.

Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərli deyib ki, Azərbaycanın çox qısa bir vaxtda yüksək şəkildə təşkil etdiyi I Avropa Oyunlarının açılışı möhtəşəm və təmtəraqlı alındı. Onun sözlərinə görə, xaricdən gələn qonaqlar və idmançılar da bu faktı etiraf etdilər: “Onlar bəyan etdilər ki, Azərbaycanın bu səviyyədə etdiyi açılış hətta Olimpiya Oyunlarının açılış mərasimlərindən də yüksək şəkildə təşkil edilib. Bu möhtəşəm tədbirdə qeyri-hökumət təşkilatının təmsilçisi olaraq iştirak etdim. Həqiqətən, bizə çox zövq verdi və qürurverici bir hiss oldu ki. Bu, təkcə Azərbaycanın belə tədbirlərə hazır olduğunu yox, eyni zamanda, bundan da möhtəşəm tədbirlərə ev sahibliyi edə biləcəyinə örnək olaraq göstərilə bilər. Çünki ölkəmiz buna qədər bir neçə mühüm tədbirlərə ev sahibliyi edib. İstər idman yarışları, istərsə də ictimai, siyasi, iqtisadi forumların keçirilməsi olsun, bütün bunlar yüksək səviyyədə baş tutub. Amma 50-yə yaxın Avropa ölkəsinin iştirak etdiyi bir tədbirin təşkil edilməsi bir daha onu göstərdi ki, Azərbaycan böyük Olimpiya Oyunlarını keçirməyə hazırdır”.

A.Əsgərli Avropa Oyunları çərçivəsində keçirilən müxtəlif idman yarışlarını izlədiyini diqqətə çatdırıb: “Həm sərbəst, həm də yunan-roma güləşi üzrə yarışları izlədim. Azərbaycan güləşçilərinin çoxlu qızıl medal alması fərəhləndirici hal oldu. Hələ idman yarışları, mübarizə davam edir. İnanıram ki, digər idman növlərində də qızıl medallarımızın sayı çox olacaq. Bizim üçün gümüş və bürünc medalların sayı maraq kəsb etmir, vətəndaşlarımız artıq qızıl medalların sayının çox olmasında maraqlıdır. Əminəm ki, Azərbaycan idmançıları bu gözəl hissləri bizə yaşadacaqlar. Ölkəmiz bu nəticəsi ilə, ali mükafatların, medalların sayını artırmaqla, müxtəlif idman növlərində keçirilən yarışlarda göstərdiyi yüksək nailiyyətlərlə Azərbaycan idmanını dünyaya bir daha tanıdacaq. Sübut edəcəyik ki, Azərbaycan idman ölkəsidir və ölkəmizin idman siyasəti bir modeldir. Azərbaycanda dövlət tərəfindən idmana qoyulan sərmayə öz bəhrəsini verir”.

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov bildirib ki, I Avropa Oyunlarının Bakıda baş tutması hər kəsi sevindirir. Onun sözlərinə görə, Oyunların açılış mərasimi çox qürurverici olub: “Bu tək Azərbaycan tarixində deyil, bütövlükdə idman tarixində bir yenilik idi. Burada Azərbaycanın tarixiliyi, qədimiliyi və müasirliyi öz əksini tapmışdı. Ölkəmizə gələn qonaqlar, idmançılar, media nümayəndələri açılış mərasimində təşkil edilən o möhtəşəmliklə Azərbaycan tarixi ilə bir daha yaxından tanış oldu”.

Ç.Bayramov yarışları yaxından izlədiyini diqqətə çatdırıb. O, izlədiyi yarışlarda azərbaycanlı tamaşaçıların çoxluq təşkil etdiyini və bunun qürurverici olduğunu vurğulayıb: “Yerli azarkeşlər böyük şövqlə Azərbaycan idmançılarını dəstəkləyirdilər. Hətta bir çox ölkələrin idmançılarının qələbəsinə də sevinirdilər. Burada iştirak edən vətəndaşlarımız Avropa Oyunlarının bir idman yarışı olduğunu diqqətə çatdırdılar. Çünki bu əcnəbilər Azərbaycanın qonağıdır və ölkəmiz öz multikultural dəyərləri ilə hər zaman dünyaya nümunə olub.
Azərbaycan idmançılarının ölkələr sırasında 2-ci yerdə qərarlaşması da bizim üçün sevindirici haldır, qızıl medalların sayı 10-dan çoxdur. Elə bil ki, ölkəmiz idmanın beşiyinə çevrilib. İnanıram ki, Azərbaycan idmançıları tək I Avropa Oyunlarında yox, dünyanın istənilən yerində keçirilən idman yarışlarında sözlərini deyəcəklər".

Təşkilat rəhbəri I Avropa Oyunları ərəfəsində gimnastika, voleybol, karate, üzgüçülük və digər idman növlərində keçirilən yarışları yaxından izlədiyini qeyd edib.

Ç.Bayramovun sözlərinə görə, karate ilk dəfə olaraq bu idman oyunlarına daxil edilib: “Bütün idman növlərinə baxmağı xoşlayıram, amma əsasən oxatma və üzgüçülüyə azarkeşlik edirəm”.

BƏXTİYAR


Müəllif: