24 İyun 2015 01:38
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Su İdmanı Sarayında “Bakı 2015” birinci Avropa Oyunları çərçivəsində üzgüçülük yarışlarının birinci günü başa çatıb.

AZƏRTAC xəbər verir ki, qadınlar arasında 400 metr məsafəyə fərdi kompleks üsulla yarışda Böyük Britaniyanın nümayəndəsi Ebbi Vud (4:41.97) qalib gəlib, italyan İlariya Kusinato ikinci (4:44.01), serb Anya Krevor isə üçüncü yeri tutub (4:45.84).

Kişilər arasında 400 metr məsafəyə sərbəst üsulla yarışın qalibi alman Pol Hentşel olub (3:52.43 dəqiqə). Gümüş medala yunan Dimitr Dimitrius (3:52.57 dəqiqə), bürünc medala isə rusiyalı Maksim Ernst (3:52.65 dəqiqə) layiq görülüblər.

Ukrayna nümayəndəsi Andri Xloptsev 50 metr məsafəyə kəpənək üsulu ilə üzmə yarışında 23.92 saniyə nəticə ilə birinci yerə çıxıb. İkinci yerə polyak Pavel Sendik (23.97 saniyə), üçüncü yerə isə rusiyalı Daniil Paxomov (24.02 saniyə) layiq görülüblər. Rusiya idmançısı Mariya Astaşkina (31.58) 50 metr məsafəyə brass üsulu ilə üzmə yarışında qızıl medal qazanıb. Alman Laura Kelç (31.87) gümüş, Nolvenn Erve isə (32.08) bürünc medal qazanıblar.

800 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında Böyük Britaniya nümayəndəsi Holli Hibbot (8:39.02 dəqiqə) ən yaxşı nəticə göstərib. Rusiya idmançısı Anastasiya Kirpiçnikova (8:39.73) ikinci yeri tutub. İspaniya idmançısı Marina Atalaya-Kastro bürünc medal qazanıb (8:45.51).

Sərbəst üsulla 4x100 estafet yarışında qalibləri də müəyyənləşib. Kişi komandaları arasında Böyük Britaniya nümayəndələri qələbə qazanıblar. İtaliya komandası ikinci, Rusiya komandası isə üçüncü yeri tutub. Qadın komandalarının yarışlarında Rusiya idmançıları birinci yerə çıxıblar. Hollandiya və Britaniya idmançıları isə müvafiq olaraq gümüş və bürünc medallar qazanıblar.

Qaliblərə medallar və xatirə hədiyyələri təqdim edilib.

Bu gün həmçinin günün ikinci yarısında 200 metr məsafəyə kəpənək üsulu ilə üzmə, 100 metr məsafəyə sərbəst üsulla, 200 metr məsafəyə arxası üstdə üzmə yarışlarının finalçıları və 200 metr məsafəyə brass və 100 metr məsafəyə arxası üstdə üzmə yarışlarının finalçıları müəyyənləşib.


Müəllif:

Oxşar xəbərlər