İyunun 27-də “Baku Crystal Hall”da birinci Avropa Oyunlarının qılıncoynatma yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, qılıncoynatma yarışlarının sonuncu günündə kişilər sablya və rapira, qadınlar şpaqa növü üzrə komanda yarışlarında qüvvələrini sınayıblar.
Kişilərin sablya yarışlarında Fransa komandası birinci Avropa Oyunlarının çempionu adını qazanıb. Rusiya kollektivi ikinci, İtaliya qılıncoynadanları üçüncü olublar. Rapira yarışlarında isə Böyük Britaniya atletləri fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İtaliya təmsilçiləri gümüş, rusiyalı atletlər isə bürünc medallara sahib olublar.
Qadınların şpaqa yarışlarında Ukrayna idmançıları bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. İtaliya kollektivi yarışı ikinci, Rusiya yığması isə üçüncü pillədə başa vurub.