“Bakı-2015” birinci Avropa Oyunlarının məşəllərindən biri Belarus Milli Olimpiya Komitəsinin muzeyinə göndəriləcək.
AZƏRTAC Belarus Teleqraf Agentliyinin (“BelTA”) məlumatına istinadən bildirir ki, birinci Avropa Oyunları çərçivəsində istifadə olunmuş məşəllərdən biri Belarus Milli Olimpiya Komitəsinin ekspozisiya kolleksiyasına daxil ediləcək. Avropa Oyunlarının məşəli Belarus idman-nümayəndə heyətinin rəhbəri Dmitri Dovqalenkoya missiya rəhbərlərinin toplantısında təqdim olunub. D.Dovqalenko deyib: “Bu məşəl Belarus Milli Olimpiya Komitəsinin muzey ekspozisiyasının ən dəyərli eksponatlarından olacaq və genişmiqyaslı yarışlarda Belarus idmançılarının ən uğurlu çıxışlarından birini xatırladacaq”.
Qeyd olunub ki, Belarusa göndərilən məşəl yuxarı hissəsində 50 xüsusi element olan (Avropa Oyunlarında iştirakçı ölkələrin sayı) nar ağacına bənzəyir.