2 İyul 2015 16:16
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-2015 I Avropa Oyunlarının boks yarışında gümüş medal qazanan Qevorq Manukyan müsahibə verib. 91 kq çəki dərəcəsində Ukraynanı təmsil edən erməni əsilli idmançı ölkəmizdən razı ayrıldığını açıqlayıb. O, mükafatlandırma mərasimində fitə basılarkən, Azərbaycan prezidenti İlham Əliyevin jestini - azarkeşləri bunu dayandırmağa çağırmasını yüksək qiymətləndirib.

- Bakıda keçirilən I Avropa Oyunları ilə bağlı təəssüratlarınız necədi?

- Bakı-2015-lə bağlı təəssüratların çox müsbətdi. Oyunların təşkilatçılığı yüksək səviyyədə idi. Təşkilatçılıq da, yarışın keçirilməsi də xoşuma gəldi.

- Finalda azərbaycanlı boksçu Abdulqadir Abdullayevlə üz-üzə gəlməyinizə mane olan zədə sağalıbmı?

- Bəli, sağalıb. Bu, yüngül zədə idi.

- Əgər zədəniz olmasaydı, qələbə şansınızı necə dəyərləndirirsiz?

- Zədələnənə kimi yaxşı formada idim. 4 görüş keçirib, hamısında qalib gəlmişdim. Sualınıza cavab vermək, qələbə şansımı dəyərləndirmək çox çətindi.

- Bakını gəzib, şəhərlə tanış ola bildizmi?

- Paytaxtınız çox xoşuma gəldi. Bakı çox gözəl şəhərdi. Orada daha çox gəzib, gözəlliyinə heyran olmaq istəyirdim. Lakin mən bura ilk növbədə Avropa Oyunlarında iştirak üçün gəlmişdim. Vaxtımın çoxunu Atletlər kəndində keçirdim. Bu səbəbdən şəhərə çıxmağa çox vaxtım da olmadı. Bakıda məni yaxşı qəbul etdilər və heç kimdən narazılığım yoxdu. Azərbaycanın Bayraq Meydanı da çox xoşuma gəldi. Bildiyimə görə, bu bayrağın uzunluğu 70, eni 35 metrdi. Bu çox gözəl bayraqdı. Dənizkənarı park göz oxşayır. Bakı qeyri-adi şəhərdi ki, burada müasir tikililərlə qədimi binalar vəhdət təşkil edir.

- Mükafatlandırma mərasimində azarkeşlər əvvəl sizi fitə basdılar. Buna münasibətinizi bilmək istərdik.

- Hər şey yaxşı oldu. Buna fikir vermədim. Sizin prezidentinizin hərəkəti çox xoşuma gəldi. O, yaxşı insandı. Əlimi sıxıb, mənə “afərin” dedi və uğurlar arzuladı. Məndə onun haqda yaxşı fikir formalaşdı. Böyük şərəfdi ki, mənə mükafatı Azərbaycan prezidenti təqdim edib.

- Yəqin bilirsiz ki, Azərbaycanla sizin tarixi vətəniniz Ermənistan arasında Dağlıq Qarabağa görə müharibə gedir. Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyon adam qaçqın düşüb. Tamaşaçılarımızın soyadı “yan”la qurtaran idmançıya reaksiyası da bununla bağlı idi...

- Bu münaqişə haqda eşitmişəm. Bilirəm ki, müharibə gedir. Amma bununla dərindən maraqlanmamışam.

- Bakı gəzintisi zamanı yerli əhali ilə ünsiyyətiniz oldumu?

- Bəli, danışmışıq. Bəlkə də onlar mənim erməni köklərimin olduğunu bilsəydilər, belə münasibət qurmazdılar. Ümumilikdə götürdükdə isə azərbaycanlılar qonaqpərvər və ünsiyyətcildilər.

- Yenidən belə imkan düşsə, Bakıda keçirilən idman tədbirləri üçün gələrsizmi?

- Məmnuniyyətlə gələrəm. Bakıda hər şey xoşuma gəlib. Mən hətta boks üzrə Azərbaycan millisində yeni tanışlar tapmışam.

(vesti.az)


Müəllif: