İtaliyada Yeni il gecəsi ənənəvi atəşfəşanlıq zamanı 184 nəfər xəsarət alıb.
APA-nın “RaiNews24” telekanalına istinadən verdiyi məlumata görə, xəsarət alanlardan 44 nəfər xəstəxanalara yerləşdirilib.
Həmin şəxslərdən 12-nin vəziyyəti ağırdır. Ümumiyyətlə, xəsarət alan 184 nəfərdən 22-i yaşı 12-dən az olan uşaq, 26 nəfər 13-17 yaşlı yeniyetmədir. Yeni il gecəsi atəşfəşanlıq zamanı ən çox Neapol dairəsində xəsarət alan olub. Bu bölgədə 46 nəfər xəstəxanaya müraciət edib.
Qeyd edək ki, hər il Yeni il gecəsi atəşfəşanlıq zamanı yüzlərlə insan xəsarət alır. Ancaq hər il xəsarət alanların sayında azalma müşahidə edilir. Son 3 ildə isə atəşfəşanlıq zamanı ölən olmayıb.