İsrail İranın qarşısında durmaq üçün Səudiyyə Ərəbistanı ilə əməkdaşlığa hazırdır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İsrail ordusunun baş qərargah rəisi general-leytenant Qadi Ayzenkut deyib.
Ayzenkut İranın Orta Şərq dövlətlərinə təhlükəsindən və rəsmi Tehranın region ölkələrinin daxili işlərinə qarışmasından danışıb.
İsraillə Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin olmamasına baxmayaraq israilli general bildirib ki, rəsmi Tel-Əviv bölgənin bir sıra məsələləri ilə bağlı Ər-Riyadla informasiya mübadiləsi etməyə hazırdır:
“Biz İranın bölgədəki nüfuzunun qarşısını almaq üçün mötədil ərəb ölkələri, o cümlədən də Səudiyyə Ərəbistanı ilə birgə əməkdaşlığa və qarşılıqlı informasiya mübadiləsi etməyə hazırıq. Hesab edirik ki, indiki şəraitdə bu, bir zərurətdir.
Çünki bizimlə həmin ölkələrlə müştərək mənafe və maraqlarımız var. İran bölgə üçün ən böyük təhdid və təhlükədir. İran regionun sabitliyini pozaraq inkişaf etmiş silahların istehsalı ilə məşğul olan zavodlar tikir və terrorçu qruplaşmalara yardım edərək onları dəstəkləyir. İran, həmçinin Orta Şərqdə nəzarəti ələ keçirməyə çalışır. Hesab edirik ki, biz birgə əməkdaşlıqla İranın bu niyyətinin qarşısını almalıyıq”.