15:15
ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin istefa verib.
Bu barədə o, bu gün Vyanada ATƏT PA-nın qış sessiyasında hazırladığı yekun hesabatın təqdimatı zamanı bildirib.
K.Vigenin deyib ki, ATƏT PA-nın prezidenti Gerogi Tsereteliyə bu gün yerli vaxtla saat 12:00-dan xüsusi nümayəndə vəzifəsindən istefa etməsi barədə müraciət edib.
O, istefa verməsinin səbəbini bütün səyini Siyasi Məsələlər və Təhlükəsizlik komitəsindəki məruzəçi vəzifəsinə yönəlmək niyyəti ilə əlaqələndirib.
***
15:36
ATƏT PA-nın istefa verən Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin ATƏT-in Minsk qrupu həmsədrlərinin işini tənqid edib.
Bu gün ATƏT PA-nın Vyanadakı qış sessiyasında final hesabatı ilə çıxış edən K. Vigenin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və ATƏT-in Minsk qrupu həmsədrləri ilə əməkdaşlıq və koordinasiya şəklində ATƏT PA-nın regionda rolunun gücləndirilməsi ilə bağlı bir sıra səylər irəli sürdüyünü deyib: “Lakin həmsədrlər öz işləri barədə məlumat vermək üçün bir neçə dəfə ATƏT PA-nın dəvətlərini, hətta qeyri-rəsmi görüş təkliflərini rədd ediblər. Mən onlarla bu məsələ ilə bağlı görüşlərimi bölüşmək və parlamentarilərin bu prosesdə rolunun artırılmasının vacibliyini danışmaq üçün bir dəfə görüşə bildim.
Biz fəaliyyətimiz barədə gələcəkdə də məlumat mübadiləsi barədə razılığa gəldik, lakin bu məsələyə ciddi şəkildə cəlb edilən olmadı.
Onların işi hələ də qapalı olaraq qalır. Həmsədrlər yalnız nadir hallarda özündə az məlumat əks etdirən press-relizlər yayırlar”.
***
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələlər çox məhdud çevrədə qapalı olaraq qalır. Bu, anlaşılandır. Lakin ölkələrin ictimaiyyətinin istənilən kompromis qərarlara hazırlanmasına xidmət etmir.
Bu barədə ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin ATƏT PA-nın Vyanada keçirilən qış sessiyasında istefası öncəsi təqdim etdiyi son hesabatında bildirib.
“İki illik intensiv fəaliyyətim müddətində ATƏT PA ilə bağlı Cənubi Qafqazda fikirlərin, həmçinin Cənubi Qafqaz barədə məlumatların ATƏT PA-da paylaşılması üçün nailiyyətlər əldə etmişəm. Lakin istənilən vacib məsələ ilə bağlı irəliləyiş əldə olunmayıb. Bunu da qəbul etməliyik ki, istənilən digər qurum və institut son iki ildə regionda nəzərəçarpacaq nailiyyət əldə etməyib.
Doğrudur, nisbi sülh əldə olunub. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mənim təəssüratım budur ki, beynəlxalq ictimaiyyət özünün hərtərəfli nizamlanmanın və uzunmüddətli sülhün əldə olunması ilə bağlı ambisiyalarını sadəcə müharibədən qaçmağa dəyişib. Bu dayanıqlı deyil və dəyişməlidir. ATƏT PA bu məsələdə rol oynaya bilər. Lakin bu, xüsusilə münaqişə ölkələrinin paytaxtlarında uyğun şəraitin yaradılması şərti ilə baş verə bilər”, - deyə o vurğulayıb./APA/