Bir neçə həftə əvvəl Donald Tramp Vladimir Putini görüşə çağırdı. Ancaq bundan sonra ABŞ Suriyaya hücum etdi. Ardınca BMT Təhlükəsizlik Şurası təcili toplantı keçirdi. ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli çıxışı zamanı Rusiyanı Suriya rejiminin dəstəkçisi kimi təqdim etdi və bildirdi ki, Moskva özünə daha yaxşı tərəfdaş seçməlidir.
Heylinin rusiyalı həmkarı Vasili Nebenzya isə buna cavab olaraq, ABŞ və tərəfdaşlarını diplomatik miflə məşğul olmaqda ittiham edib.
Keçmiş incikliklərə görə Rusiya və ABŞ arasında münasibətlər daha da gərginləşə bilər. Dünəndən etibarən Moskva ABŞ-a qarşı cavab tədbirlərinin görülməsi məsələsini müzakirəyə çıxarıb.
ABŞ bəyan edir ki, Rusiya kimyəvi hücumun baş verdiyi bölgələrdə araşdırmalar aparılmasına mane olur. Rusiya isə bildirir ki, Suriyada heç bir kimyəvi hücum həyata keçirilməyib və ya hücumlar ABŞ tərəfindən təşkil edilə bilər.
ABŞ və tərəfdaşlarının aprelin 14-də Suriyaya atdığı raketlərin əksər hissəsi vurulub. Suriyada hücum zamanı cəmi 3 bina dağıdılıb.
Ancaq bütün bunlara baxmayaraq, Trampın Putinə təklifi hələ də qüvvədə qalır. ABŞ tərəfi tələb edir ki, Rusiya iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq üçün addımlar atmalıdır. Buna qədər isə Tramp hazırkı siyasətini davam etdirəcək.
Rusiyalı politoloq Valeri Solovyevin sözlərinə görə, bu hücum nəinki Suriyada, bütün sahələrdə ABŞ – Rusiya münasibətlərinin sonu deməkdir.