6 Dekabr 2018 17:02
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün rəhbərlik öz siyasi maraqlarını dövlət maraqlarından üstün tutan şəxslərin əlindədir. Təəssüf ki, sabah onlar Ermənistan hakimiyyətini ələ keçirəcəklər”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim Respublikaçı Partiyası sədrinin müavini Armen Aşotyan deyib.

Onun sözlərinə görə, Ermənistanın mövcud hakimiyyəti ölkə qarşısında duran çətinliklərin həll edilməsi baxımından qeyri-adekvat davranır:

“KTMT-nin baş katibi məsələsinə münasibətdə də bu özünü göstərir. Sübuta yetirilir ki, seçkilərdən əvvəl xalqa verilən vədlər yalanlardan ibarətdir və təbliğat bu yalanların üzərində qurulub. May ayında baş verən inqilab mövcud hakimiyyət üçün Dağlıq Qarabağın taleyindən daha üstündür. Qarabağ bu hakimiyyəti maraqlandırmır”.

Armen Aşotyan hesab edir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan daha çox dövlətçilik düşüncəsinə malikdir: “O, bəlkə də baş nazirin səlahiyyətlərini Nikol Paşinyandan daha yaxşı icra edə bilərdi”.

Partiya rəsmisi hazırkı hökumət başçısı Nikol Paşinyanı Ermənistanı Rusiya ilə üz-üzə qoymaqda ittiham edib:

“Paşinyan Rusiya ilə strateji münasibətləri ardıcıl və “qəhrəmanlıqla” pozur. Ümumiyyətlə, Paşinyanın iki “Axilles dabanı” var: biri xarici siyasət, digəri Dağlıq Qarabağ məsələsidir.

Keçmiş müdafiə naziri Vigen Sərkisyanın da dediyi kimi, Paşinyanın Qarabağ danışıqlarında təcrübəsi yoxdur. Təəssüf ki, sabah münaqişənin nizamlanması üzrə danışıqlarda Ermənistanı təmsil edəcək şəxs bu mövzunu yaxşı bilmir və onun münaqişənin həlli ilə bağlı dəqiq konsepsiyaya malik olmadığı da son dərəcə təhlükəlidir”.

Aşotyanın sözlərinə görə, Paşinyan hakimiyyətə gəldikdən sonra Qarabağ məsələsini gündəmə gətirəcəyini demişdi: “Lakin keçən 7 ay ərzində onun Qarabağla bağlı hansısa plana malik olduğunu görmədik. Üstəgəl, o, Qarabağ məsələsini öz gələcək proqramına daxil etməyib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər