“Əgər amerikalılar addım atsalar, biz onları başından vuracağıq. Amerikalı hərbçilərin regionda mövcudluğu ciddi təhlükə yarada bilər. Lakin indi təhlükə reallığa çevrilib.”
Teleqraf.com xəbər verir ki, bu bəyanatı İran İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Əmir-Əli Hacızadə verib.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bəyan etmişdi ki, Ştatlar İran sahillərinə “Avraam Linkoln” hərbi gəmisini göndərəcək. Mayın 9-da ABŞ-ın hərbi dəniz donanmasına məxsus “Avraam Linkoln” təyyarədaşıyan gəmisi Misirdə Süveyş kanalını keçib.
General-mayor Qulam Əli Rəşid bildirib ki, İrana qarşı aparılan müharibə bütün region ölkələrinə baha başa gələ bilər.
“Biz ümid edirik ki, qonşu ölkələr ABŞ-ın və israillilərin maraqlarına uyğun gələn addımlar atmaqdan çəkinəcəklər. Bu kimi addımlar regionda gərginliyin artmasına və müharibə ocaqlarının yaranmasına səbəb olar və bütün region ölkələrinə baha başa gələr”.