13 May 2019 14:33
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimlə Ermənistan hakimiyyəti arasında ciddi problemlər yaranıb.

Teleqraf.com xəbər verir ki, erməni deputat İveta Tonoyan separatçı rejimlə İrəvan arasında yaranmış soyuq münasibətlərə diqqət çəkib.

Tonoyan Qarabağı Ermənistanda siyasi vəziyyət dəyişmək istəyən qüvvələrin mərkəzinə çevrildiyini iddia edib.

Bundan əvvəl Qarabağa gələn Ermənistan Baş naziri Nikol Paşinyan İrəvana qayıtdıqdan sonra bölgədə baş verənlər haqda yazmışdı. O, Feysbukdakı məlum paylaşımında Ermənistandan olan bəzi siyasi qüvvələrin Qarabağı inqilabın mərkəzinə çevirmək istədiyini iddia edib və buna icazə verməyəcəyini qeyd edib.

Ermənistan parlamentinin deputatı Gevorq Qorqisyan isə Qarabağda vəziyyətin gərginləşməsinə görə müxalifəti – keçmiş Ermənistan hakimiyyətini ittiham edib. Onun sözlərinə görə, müxalifətin Qarabağı siyasi mübarizənin mərkəzinə çəkmək cəhdi Ermənistana baha başa gələ bilər və bu, təhlükəli gedişdir: “İkinci prezident Robert Köçəryan Qarabağın başçısı olsa belə, münasibətləri gərginləşdirmək olmaz”.

Qeyd edək ki, mayın 9-da Şuşanın işğalı günündə keçmiş prezident Serj Sərkisyanın işğal altındakı Qarabağa səfəri Ermənistanda birmənalı qarşılanmayıb. Bu, Sərkisyanın Xankəndinə Ermənistanda hakimiyyəti dəyişəcək yeni proyektlə gəldiyinə dair iddiaya yol açıb.

Paşinyan hökumətinə yaxın media qurumları Qarabağda müzakirə olunan inqilabi layihənin müəllifinin həbs olunan keçmiş prezident Robert Köçəryan olduğuna eyham vurur. Mayın 8-də Qarabağdakı separatçıların başçısı Bako Saakyanın Köçəryanın azad edilməsi ilə bağlı Ermənistan hökumətinə ünvanlandığı məktub da bu baxımdan təsadüfi hesab edilmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər