ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi bəzi ölkələrə silah satışına dair Konqresin son qərarını nəzərə almayıb və fövqəladə səlahiyyətindən istifadəyə qərar verdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo Konqresə bu barədə xəbərdarlıq məktub göndərib.
Bununla da ABŞ Prezidenti Tramp fövqəladə səlahiyyətindən təcili istifadə edərək son dövrlər əldə edilən və əksəriyyəti Səudiyyə ilə BƏƏ-ni əhatə edən 22 silah satışı müqaviləsi üçün Konqresin rəyini gözləməyəcək.
Beləcə 22 alqı-satqı müqaviləsi əsasında 8 milyard dollarlıq silah satışı dərhal həyata keçiriləcək.
Senatın xarici əlaqələr komitəsinin demokrat üzvü Bob Menendez açıqlama yayaraq Tramp administrasiyasını sərt tənqid edib.
“Administrasiya bir daha uzun vədəli maraqlarımızı və insan haqları mövzusunda uğursuz oldu. Bunun əvəzinə Ərəbistan kimi avtoritar ölkələrə “yaxşılıq etmək” yolunu seçdi”,- senator Menendez açıqlamasında qeyd edib.
Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatası Yəmən müharibəsini əsas gətirərək Səudiyyə Ərəbistana silah satışına blok qoymuşdu.