Bu ilin iyunundan Türkmənistanın Axal vilayətinə rəhbər təyin olunmuş ölkə prezidentinin oğlu Sərdar Berdiməhəmmədov öz qəribə idarəçiliyi ilə təəccüb və narazılığa səbəb olub.
Teleqraf.com xəbər verir ki, Sərdar Berdiməhəmmədov Aşqabadın 8 kilometrliyində yerləşən vilayət mərkəzinə - Annau şəhərinə içərini göstərməyən şüşəli avtomobildə və prezidentsayağı kortejin müşayiəti ilə gəlir.
Sərdar Berdiməhəmmədov inzibati binaya daxil olarkən və ya ordan çıxarkən adminstrasiya işçilərinin yerindən tərpənməyə həddi çatmır.
Əvvəlki dövrlərdən fərqli olaraq inzibati binanın həndəvərində daim gözətçilər keşik çəkir. Binaya yalnız əməkdaşlar daxil ola bilərlər. Zərurət olmadığı halda heç kəs kabinetdən çıxa bilməz, kənara çıxanların isə səs salmaq və ya mobil telefondan istifadə etməyə ixtiyarı yoxdur.
Prezident oğlu tədbirləri təntənəli keçirməyi xoşlayır, tabeliyində olan işçilərlə davranış zamanı onun ən sevdiyi ifadə budur: "Başını yuxarı qaldır görüm!"
Sərdar Berdiməhəmmədovun özü və ya müavinləri şəxsi məsələylə bağlı heç kəsi qəbul etmir.
Vilayət sakinləri hesab edirlər ki, yeni rəhbər burda müvəqqətidir və onu bir müddət sonra daha yüksək vəzifəyə çəkəcəklər. Sakinlər təsəllini bunda tapırlar.
Sərdar Berdiməhəmmədov 2019-cu ilin yanvarından vilayət başçısının müavini postunu tuturdu. Bundan əvvəlsə Xarici işlər nazirinin müavini idi. O, iki dəfə parlamentə deputat seçilib.
Sərdar Berdiməhəmmədov Moskvada və Cenevrədə təhsil alıb.
Onun ölkə prezidentinin varisi olacağı söz-söhbəti geniş yayılıb.