Türkiyə, Rusiya, İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhaninin iştirakı ilə Ankarada Çankaya Köşkündə üçtərəfli görüş başlayıb.
Teleqraf.com xəbər verir ki, zirvə görüşündə liderlər Suriyanın İdlib bölgəsində yaranmış vəziyyət ətrafında müzakirə aparacaqlar.
Prezidentlər suriyalı qaçqınların öz evlərinə qayıtmaları üçün şəraitin yaradılması, davamlı sülhün təmin edilməsi və problemin siyasi həlli məsələləri ətrafında danışacaqlar.
***
Prezidentlər Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasının, problemin sülh yolu ilə və siyasi həllinin vacibliyini vurğulayıblar. Onlar Suriya Prezidenti Bəşər Əsədi və müxalifəti Suriya Milli Dialoq Konqresində fəal iştirak etməyə çağırıblar.
Görüşdən sonra liderlər mətbuat üçün bəyanatlarla çıxış ediblər.
V.Putin bildirib ki, Soçidə və Nur-Sultanda indiyədək Astana formatında 13 toplantı keçirilib və Suriyanın dövlət nümayəndələri, habelə müxalif qüvvələrin iştirakı ilə sülh prosesi davam edir. Eyni zamanda, bu ölkənin ərazisində fəaliyyət göstərən terrorçu qruplaşmalara qarşı mübarizə də aparılır.
R.T.Ərdoğan qeyd edib ki, Ankara yaxın gələcəkdə Moskva və Tehranla birlikdə bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün əlindən gələni edir. O əlavə edib ki, Türkiyə 3,5 milyondan çox suriyalıya sığınacaq verib və orada terrorçulara qarşı bir neçə hərbi əməliyyat həyata keçirib. Eyni zamanda, Suriya ərazisində ABŞ-la birlikdə təhlükəsiz zona yaradılır.
H.Ruhani də Tehranın Suriyada problemlərin siyasi həllinin tərəfdarı olduğunu, bu məsələdə Ankara və Moskva ilə Astana formatında fəal əməkdaşlıq etdiyini vurğulayıb.
Xatırladaq ki, Suriya problemi üzrə Astana formatı 2017-ci ilin yanvarında Rusiya, İran və Türkiyə liderlərinin təşəbbüsü ilə yaranıb. Həmin vaxt Qazaxıstanın paytaxtında və Rusiyanın Soçi şəhərində danışıqların 13 raundu keçirilib.