19 Oktyabr 2019 10:11
2 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Röyters” agentliyi ABŞ və Türkiyə arasında əldə edilmiş Suriya anlaşması ilə bağlı yeni məlumat yayııb.

Teleqraf.com xəbər verir ki, ABŞ və Türkiyə hökumətlərinə istinadən yayılan məlumatlarda anlaşmanın detallarına yer verilib.

Agentlik tərəflər arasında saatlarla davam edən müzakirələrin gərgin məcrada keçdiyini və anlaşmanın son anda əldə edildiyini bildirib.

Adının gizli qalması şərti ilə “Röyters”ə danışan bir türk rəsmisi görüşdə bir sıra anlaşılmazlığın yaşandığını, əsas müzakirə mövzusunun Ankaranın Suriyadakı əməliyyatları dayandırması ilə bağlı olduğunu deyib:

“Ərdoğan əməliyyatların dayandırılması üçün sərhədlərin müəyyən edilməsi tələbini irəli sürdü. Ərdoğan bu sərhədin müəyyən edilməsi üçün 24-48 saat vaxt verə biləcəyini deyəndə, Pens buna etiraz etdi. Gərgin müzakirədən sonra 120 saatlıq vaxt müəyyən olundu”.

Adı açıqlanmayan bir amerikalı rəsmi isə görüş haqda bunları bildirib:

“Ərdoğan Pensdən YPG-nin geri çəkilməsinin nə qədər vaxt aparacağını soruşdu. Biz (ABŞ) Ərdoğanın bu sualını anlaşma üçün yeni ümid kimi qəbul etdik”.

Mənbə iddia edir ki, Ankarada baş tutan stresli atmosferi yumşaldan addım ABŞ-ın vitse-prezidenti Mayk Pensdən gəlib.

Türk yetkiliyə görə, görüşün əvvəlində Pens Ərdoğana “Tramp sizi sevir, sizə hörmət bəsləyir” dedi.

Müzakirələrdə türk heyəti bir həftə əvvəl başlayan əməliyyatlarda itkilərə diqqət çəkəndə Pens öz oğlunun da hərbi xidmətdə olduğunu xatırladıb.

“Röyters”ə danışan bir başqa türk yetkili isə görüş haqda bunları deyib: “Məsələ Trampa qalsa, Ərdoğan və Tramp bu məsələni çoxdan həll etmişdi. Amma Pensin də böyük dəstəyi oldu”.

Amerikalı rəsmiyə görə, Mayk Pens Vaşinqtona geri qayıdanda Konqres üzvlərinə zəng edib.

Ərdoğan görüşdə Trampın ona təhqiramiz məktubunu gündəmə gətirməyib.


Müəllif: Mənsur Rəğbətoğlu