16 Noyabr 2019 09:38
2 923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maqdalalı Məryəm fahişəlik etdiyinə görə daşlanacaqdı. Qızışmış kütlə sinəsinədək torpağa basdırılan Məryəmi daşlamaq istəyəndə İsa kənardan çıxıb üzünü insanlara tutub dedi: “Sizlərdən kim günahsızdırsa, ona daşı birinci atsın”. Qızışmış insan kütləsindən xilas olan Məryəm İsanın yanında oradan uzaqlaşır.

Teleqraf.com Maqdalalı Məryəm və xristian peyğəmbəri haqda yazını təqdim edir.

İspan rəssam Xose de Ribera əsərində (“Mariya Maqdalena”) həmin Maqdalalı Məryəmi İsanın sevgilisi kimi təsvir etmişdi. Yazıçı Den Braun isə “Da Vinçi şifrəsi”ndə İsanın Məryəmlə evlənməsindən və uşaqlarının olmasından yazırdı.

Braun bu əsərini 1945-ci ildə Misirin Naq Həmmadi şəhərindən tapılan faktlar əsasında yazdığını iddia edir.

Sirli papiruslar

Naq Həmmadi papirusları xristian dünyasında geniş müzakirələrə səbəb oldu. Papiruslara görə, xristian peyğəmbərinin həvarilərdən biri Maqdalalı Məryəmin fahişə olduğunu, İsanın bu qadınla evləndiyini, hətta ondan bir uşağın dünyaya gəldiyini bildirir.

Papirusları Həmmadidə əkin işləri ilə məşğul olan iki qardaş tapıb. Məhəmmədəli və qardaşı torpağı qazarkən gildən hazırlanmış küp aşkar edir. Məhəmmədəlinin batil inancları vardı. Küpün içində “cin” olduğuna inanaraq ona toxunmur. Lakin içində qızılın olacağı zənni ilə küpü qırır, amma küpdən qızıl yerinə 13 ədəd yazılı papirus çıxır.

Məhəmmədəli papirusların polisin əlinə keçəcəyindən ehtiyat edərək, onları bir rahibə verir. Kənd məktəbinin tarix müəllimi papirusları görür və bunların çox qiymətli olduğunu deyir. Lakin papiruslar bir müddət sonra tarixi əsər qaçaqmalçılarının əlinə keçir və Misirin yüksək vəzifəli şəxslərinə çatır. Papirusların 12-si Misirin hökumət adamlarında qalsa da, 13-cü - “Flippos” surəsi qaçaq yolla ABŞ-a aparılır. Bunlar yunan dilində yazılmış 1500 illik kıpti tərcümələri idi.

120-150-ci illərdə yunan dilində yazılmış “Filippos” surəsi və digər kitabələr 350-400-cü illərdə kıpti dilinə tərcümə olunmuşdu.

“İsa tez-tez dodaqlarından öpərdi”

Papiruslar 1970-ci illərdə kitab formasında nəşr olundu. Həmin mənbələrdə isə Maqdalalı Məryəm və İsa Məsihin sevgili olmasından bəhs olunur.

1982-ci ildə papiruslar əsasında Henri Linkoln, Maykl Bagent və Riçard Leyç imzasıyla nəşr olunan “Müqəddəs qan – Müqəddəs qədəh” adlı kitabda xristianlığın “Müqəddəs qədəh” anlayışının Maqdalalı Məryəmlə bağlı olduğu iddia edilirdi. Həmin mənbələr Den Braunun “Da Vinçi şifrəsi” romanının istinad mənbəyinə çevrildi.

Papiruslardan birində yer alan “Filippos” surəsində isə Maqdalalı Məryəm və İsa haqda deyilir:

“İsa onu digər müridlərindən daha çox sevər, tez-tez dodaqlarından öpərdi. Digər müridləri bundan inciyər və İsanı qınayardılar. Həmin müridləri ona belə deyərdilər: “Onu niyə bizdən daha çox sevirsən?” O da bu cavabı verərdi: “Onu sevdiyim kimi sizi niyə sevmirəm? Çünki o, məni çox sevir”.

O da maraqlı faktdır ki, İsa çarmıxa çəkiləndə həvarilərindən yalnız Maqdalalı Məryəm orada idi. Edamdan sonra İsa ilə maraqlanan yenə də Məryəmin özü idi. “İncil”ə görə, İsanın çarmıxdan səmaya qalxmasını görən yeganə şəxs də Məryəmdir. Lakin bunun Maqdalalı, yoxsa anası Məryəm olduğu naməlumdur.

Qnostiklərə məxsus əlyazmalarda İsa və Maqdalalı Məryəm arasında cinsi əlaqələrin olduğuna dair qeydlər var. Habelə İsanın digər həvarilərinə açmadığı sirri Məryəmə deməsi barədə şübhələr yer alır. Maqdalalı Məryəmin məhz İsa öldükdən sonra qısqanclıq zəminində qətlə yetirilməsi də qnostik inanclarında öz əksini tapır.

“Luka İncili”ndə çarmıxa çəkilmiş İsanın ayaqlarını yuyan, saçıyla qurulayan, öpən və yaralarına məlhəm sürtən bir qadından bəhs olunur. Amma adı çəkilmir. “İsa günahlarından təmizlənir, buna görə də məni çox sevir”, deyir qadın “Luka İncili”ndə.

Avropa və ABŞ kilsələrindəki bir sıra mənbələr həmin qadının Maqdalalı Məryəm olduğuna dair şübhələr yaradır. İlahiyyatçı Elayn Pagel o qadının Məryəm olmasını istisna etmir: “'Detalları bilmirik, ancaq o qadının İsayla xüsusi bir əlaqəsi ola bilərdi. “İncil”lərdəki “Məryəm” surələrində İsanın o qadına digərlərinə açmadığı sirlərdən danışdığı bildirilir. Bu xüsusi bir sevgi idi. Lakin İsanın ona hansı sirləri açdığı məlum deyil”.

Məryəm “Sonuncu şam yeməyi”ndə

Ən maraqlı iddia italyan rəssam Leonardo Da Vinçinin “Sonuncu şam yeməyi” əsərində İsa və həvariləri arasında əyləşmiş qadının Maqdalalı Məryəm olması ilə bağlıdır. Corctaun Universitetinin professoru Apostolos Kappadona bunun sensasiya yaradacaq iddia olduğunu deyir:

“Bu, tamamilə feminist teologiya, yaxud teologiyanın postfeminist dövrünə uyğundur. Amma həqiqət ola bilməz. “Sonuncu şam yeməyi”ndə bəzən İsa masanın başında, bəzən ortasında təsvir olunur.

Lakin bütün hallarda yalnız həvarisi Yəhya İsanın yanında əyləşir. XX-XXI əsr anlayışı ilə baxsaq, Yəhya soft və femen bir gənc təsiri bağışlayır. Leonardonun əsərində həmçinin saqqalı olmayan və feminist kimi görünən başqa bir gənci görürük. Amma orta əsrlərdən fərqli olaraq, bu gün bizim kişi və qadına aid etdiyimiz bir sıra şeylər XV əsr dəbi ilə eyni deyil. O, qadın və kişi də ola bilərdi”.

“Müqəddəs qədəh”

“Müqəddəs qədəh” sirri Milanın Məryəm (Santa Maria delle Grazie) kilsəsinin divarından asılmış “Sonuncu şam yeməyi” freskində öz kilidini sındırır. İsanın 12 həvarisiylə birlikdə yemək yeyib şərab içdiyi bu freskdə sağ tərəfində əyləşən şəxslərdən biri kişi deyil.

O, qırmızı saçları və iri döşləri ilə bir qadındır, yəni Maqdalalı Məryəmin özüdür. Lakin freskdə “Müqəddəs qədəh” görünmür. Araşdırmalar bu “Müqəddəs qədəh”in məhz Məryəm olduğunu ortaya çıxarır.

Qədəh əslində qadınlıq rəmzidir. “Müqəddəs qədəh” müqəddəs dişi və kilsə tərəfindən tamamilə yox edilmiş tanrıçanı təmsil edir. Orta əsrlər Avropasında kişilərin suveren kilsəsi qadınların yüksəlişini cinayət hesab edirdi. Buna görə də qadın şeytaniləşdirildi və ona “günahkar” deyildi

“Məsih çarmıxa çəkiləndə Məryəm hamilə idi”

Xristianlıq doktrinası İsa Məsihin heç vaxt evlənmədiyi, çarmıxa çəkildiyi, dirilib səmaya qalxdığı inancını irəli sürür. Xristianlıq habelə, İsanı fahişə Məryəmi doğru yola çəkdiyi qravürünə də inanır. Braun isə Misir papirusları əsasında İsanı Məryəmlə evləndirir və uşaqlarını dünyaya gətirir.

Həqiqətdə də İsanın Maqdalalı Məryəmlə evlənməsi daha məntiqli idi. Çünki İsa yəhudi idi və o dövrün yəhudi dünyagörüşü yetkinlik yaşına çatmış bir kişinin subay qalmasını qadağan edirdi. İsa evli olmasaydı, “İncil” bundan bəhs edərdi.

1945-ci ildə Misirdə tapılmış “İncil” ayələrində də İsanın Maqdalalı Məryəmlə evli olmasından danışılır. Ayələrdə keçən “aramicede” ifadəsi həyat yoldaşı anlamına gəlir.

Sion təriqətinə görə, İsa çarmıxa çəkiləndə arvadı Məryəm hamilə idi. Həmin təriqətdə “Müqəddəs qədəh”in və ya İsanın qanı ilə dolu qədəhin simvolik məna daşıdığı, bunun Maqdalalı Məryəmə işarə olduğuna inanılır. Hətta bir sıra mənbələrə inansaq, xristian kilsələrinin orta əsrlərdə Şərqə Səlib yürüşlərinin bir məqsədi də İsanın evli olması faktlarını aradan qaldırmaq idi.

On Məryəmdən biri

Kilsənin Maqdalalı Məryəmə əmanət edilməsini istəyən ilk feminist İsa idi. Lakin dövrün batil inancları qarşısında Məryəm sadəcə dağıdıcı şeytani varlıq idi. Məryəm təkcə İsa tərəfindən kilsəqurma işlərinin başında dayanmağa layiq görülməmişdi, eyni zamanda bu cazibədar qadın İsaya görə, yeni nəsli dünyaya gətirməyin fiziki dəliliydi.

İddiaya görə, kilsə məhz bu səbəbdən Maqdalalı Məryəmi fahişə kimi tanıtdı və İsa ilə evlənməsinə dair bütün faktları gizlətdi.

Amma maraqlıdır ki, “İncil”də 10 Məryəmdən (Mariya) bəhs olunur: İsanın anası Müqəddəs Məryəm, həvari Ceymsin anası Məryəm, Yəhyanın anası Məryəm, kim olduğu bilinməyən və gözəl qadın, “Digəri” deyə adlandırılan Məryəm, fahişə Məryəm, Mariya Yakob adlandırılan soyadıyla tanınan Məryəm, Maqdalalı Məryəm (Mariya Maqdalena), Betaniylı Məryəm, Misirli Məryəm və s.

İsanın anası Məryəmdən başqa digərlərindən açıq formada bəhs olunmur. Hətta Maqdalalının İsanın dayəsi olmasına dair şübhələr də var. Bir sıra mənbələrdə yer alan qeydlərə görə, İsa öz anası xaricində bu 10 Məryəmdən biri ilə evlənib.

Xüsusilə XX əsrdə aparılan tarixi araşdırmaların ümumi rəyi İsanın Maqdalalı Məryəmlə evlənməsi ilə bağlıydı. Lakin bir sıra tədqiqatçılara görə, İsa Maqdalalı yox, Betaniyalı Məryəmlə evlənmişdi. Həmin tədqiqatçılar Betaniyalı Məryəm və Maqdalalı Məryəmin hər ikisinin İsayla evlənmək istədiyini iddia edir.

Təsadüfi deyil ki, 1990-cı illərdə üzə çıxarılan “Markus İncili”ndə İsanın Betaniyalı Məryəmlə sevgi əlaqələrindən bəhs edilir. “Markus İncili”nə görə, Betaniyalı Məryəm İsaya kömək etmək üçün uzaqlardan göndərilmişdi.

Bir çox amerikalı və avropalı araşdırmaçılar bu günədək mövcud olan və təhrif olunmuş “İncil”lərin orijinal versiyalarında İsanın evli olması ilə bağlı kifayət qədər dəlillərin olduğunu bildirir.

Evliliyin gizlədilməsi

1970-ci ildə amerikalı protestant ilahiyyatçı Uilyam E. Pipps İsa peyğəmbərin evlənməsi ilə bağlı ilk elmi işi ortaya qoydu. O, araşdırma nəticəsində bu qənaətə gəldi ki, İsa dövründə qadınlara olan mənfi münasibəti aradan götürmək üçün evlənib.

Pippsin İsayla evləndiyini iddia etdiyi Maqdalalı Məryəm “İncil”də fahişə qadın kimi təsvir olunur. Lakin Harvard Universitetinin ilahiyyatçıları 1960-cı illərdə fahişəlik məsələsinin “İncil”ə sonradan daxil edildiyini bildirdi. Onların iddiasına görə, Məryəmin fahişə olması ilə bağlı məsələ “İncil”ə Bizans imperatoru Konstantin tərəfindən salınıb. Əlbəttə, bu, İsa peyğəmbərin evli olduğu faktının gizlədilməsinə xidmət edirdi.

“Və İsa onlara dedi ki, arvadım...”

2012-ci ildə bir kolleksiyaçının Suriyadan tapdığı qədim papirus xristian dünyasını silkələdi. Kolleksiyaçı papirusu araşdırmaq üçün Harvard Universitetinin professoru Karen Kingə verir.

King kiçik kart böyüklüyündə olan papirusu tərcümə edir. Papirusda yazılan cümlə belə başlayırdı: “Və İsa onlara dedi ki, arvadım...”.

Məlumat mediada işıq sürəti ilə yayılarkən Vatikan əlyazmanı saxta adlandırdı. Kilsə kardinalları və tarixçiləri papirusda yazılmış cümlədə qrammatik səhvlərin olduğunu iddia etdi. Şübhələrin aradan qaldırılması üçün ABŞ-ın nüfuzlu universitetlərindən ibarət elmi işçi heyəti 2 illik araşdırmadan sonra 2014-cü ildə nəticələri açıqladı. Sənədin VI-IX əsrlərə aid olduğu bildirildi. Analizlər sənədin qədim olduğu və qətiliklə saxta olmadığı, papirusun Sent Janın istifadə etdiyi qədim papiruslarla eyni olduğu deyildi.

“Le Novel Observatur” papirusun xristianlıqla əlaqədar bu günədək olan faktları darmadağın edəcəyini deyir: “Bu, xristianlığın tarixini dəyişəcək. Elm və kilsə bu məsələyə görə qarşı-qarşıya gəlib. Onlardan hansının qalib gələcəyini zaman göstərəcək”.

Təsadüf deyil ki, bütün dünya xristianları “İncil”də adı fahişə kimi keçməsinə baxmayaraq, iyulun 22-ni “Mariya Maqdalena günü” kimi qeyd edir. Əlbəttə, Vatikanın da fahişə kimi tanıdığı bu qadının anadan olması gününün niyə müqəddəsləşdirdiyi müəmmalıdır.

Vatikan və Qərbin tanınmış ilahiyyatçıları “Məryəm günü”nə hansısa don biçə bilmir. Lakin Pipps kimi ilahiyyatçılar İsayla evli olduğu üçün Maqdalalı Məryəmin Vatikan tərəfindən də müqəddəs hesab olunduğunu bildirir: “Şübhəsiz Məryəm təhrif olunmuş “İncil”lərdəki deyildiyi kimi fahişə deyil. O, İsanın həyat yoldaşı olacaq qədər müqəddəs idi”.

“Mariya İsayla yenidən evlənəcək”

Maqdalalı Məryəm və ya Mariya Maqdalenanın tam adı Mari Maqoq Dio Lunadır. Maqoq mələk nəslindən Ay Tanrıçasıdır. Qədim yəhudi inancına görə, Mari Maqoq 7 kafir demon tərəfindən lənətlənib. Şeytan da bu demonların pisliklərinə dözə bilməz. 7 demonun lənətlədiyi Mari isə saf, təmiz ürəyi olan Məsihi aldadıb özünə tabe edib.

Xristian və Yəhudi dini inancına görə, Qiyamət günü Qoq və Maqoq adlı iki Şeytan nəslinin ortaya çıxmasından sonra baş verəcək. Mariyanın Maqoq nəslindən olması təsadüf deyil. Çünki yəhudilər Şeytanın qadınla yaxınlıq etdiyi və günahlarına görə qeybə çəkdiyinə inanır. Qərbdən olan bir sıra ilahiyyatçılar iddia edir ki, Sinaqoq və Vatikan Qiyamət gününə az qalmış Maqdalalı Məryəmin lənətdən təmizlənmiş halda zühur edib yenidən İsayla evlənəcəyinə dair yazılı mənbələri gizlədir.

On üçüncü həvari

300-dən çox kitabda İsanın Maqdalalı Məryəmlə əlaqəsinə dair “İsa Məryəmlə evli idi” ifadəsi keçir. Məsələn, araşdırmaçı Qordon Tomas “13 həvari” adlı kitabında İsanın 13-cü həvarisindən bəhs edir. Bu İsaya bağlı olan bir qadın – Maqdalalı Məryəmdir: “İsanın ən sadiq həvarilərindən biri olan Mariya Maqdalena sadiq və ehtiraslı qadındır. O, inanc dolu həyatın ən gözəl nümunəsidir”.

Qordon Tomas İsanın evliliyi ilə bağlı iddiaların əfsanə olmadığını deyir. Tomasa görə, İsanın adını açıqlamadığı 13-cü həvari elə Maqdalalı Məryəmin özüdür. Hubert Riçard da “İlk pasxa” adlı kitabında İsanın Məryəmlə xüsusi əlaqələrinə münasibətdə Qordonla həmfikirdir. Araşdırmaçı Alis Veston da eyni iddinı müdafiə edir.

Araşdırmaçılar Vatikanın 2 min ildir İsaya məxsus bu sirri gizlətdiyini yazır. Hətta bir az da irəli gedərək, Məryəmin İsadan uşaqlarının olduğunu bildirir.

“İtirilmiş İncil” (“The Lost Gospel”) kitabının müəllifləri iddia edir ki, İsa Məsihin Maqdalalı Məryəm adlı gizli arvadı olub, həmin arvaddan da iki oğlu.

Kanadanın York Universitetinin professoru Barri Vilson və rejissor Simça Yakoboviçiyə görə, xristian peyğəmbərinin əsl kimliyi əsrlər boyu yalan məlumatlar içində gizlədilib: “Vatikanın həmişə qorxduğu məsələ axır ki, həqiqətə çevrilib üzə çıxdı”.

“İtirilmiş İncil” arami dilində yazılan və 1500 il yaşı olan əlyazmaya əsaslanır. Həmin əlyazma Britaniya kitabxanasında tapılıb. Heyvan dərisi üzərindəki bu yazılar Britaniyaya 1847-ci ildə Misirdəki kilsələrin birindən gətirilib. Həmin dövrün alimləri əlyazmanı tədqiq edib və əhəmiyyətsiz eksponat kimi arxivə atıblar.

Məshin nəsli davam edir

Qnostik inancına görə, İsanın fahişə Maqdalalı Məryəmdən Sara adlı bir qızı olub. İsa çarmıxa çəkilərkən hamilə Məryəm doğulan uşağı qorumaq üçün Fransaya gələrək, yəhudilərin arasına sığınıb. Burada onun Sara adlı qızı dünyaya gəlib.

Beləliklə, İsanın nəsli Fransada gizli olaraq artır. Bununla Merovingyan nəsli yaranır və onlar Paris şəhərini qururlar.

Rəvayətə görə, Maqdalalı Məryəm İsanın müridlərindən olan Maksimusla dəniz yolu ilə Efesdən Marsel şəhərinə gəlib. Hətta fransızların milli “Madeleyn” çörəyi də ilk dəfə Maqdalalı Məryəmin yaşdığı bir monastırda hazırlanıb. Təsadüfi deyil ki, fransızlar iyulun 22-ni Maqdalalı Məryəm Günü kimi qeyd edir.

Qnostiklərin Maqdalalı Məryəmə həsr etdiyi şeir:

Mən fahişə və müqəddəs olanam.

Mən arvad və xanım

Mən ana və qızam.

Mən toyu möhtəşəm olanam

Və hələ ki, bir ər seçmədim.


Müəllif: Mənsur Rəğbətoğlu