26 Noyabr 2019 17:05
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əslində ABŞ-ın geosiyasi qüdrəti bilavasitə hərbi və iqtisadi amillərlə bağlıdır. İngiltərənin Kil Universitetinin professoru Bülənt Gökay yazır ki, ABŞ-ın xarici siyasətinin təyin edilməsində ümumdünya valyutası rolunu oynayan dollar mühüm əhəmiyyət kəsb edir. Bu isə Amerikanın enerji məsələlərinə niyə xüsusi diqqət yetirdiyini qismən izah edir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib.

Ekspert dünyada bütün neft transaksiyalarının dollarla həyata keçirildiyinin hər kəsə məlum olduğunu bildirib:

“Bu o deməkdir ki, Amerika Mərkəzi Bankı sadəcə pul kəsməklə neft ala bilər. Halbuki digər ölkələr bunun üçün istehsal sayəsində əldə etdikləri qazancın bir hissəsini xərcləməyə məcburdur. Çünki onlar istehsal məhsullarını daha çox dollar əldə etmək üçün satırlar. Bu isə öz növbəsində dollara olan tələbatı artırır, məcburi şəkildə inamı gücləndirir və Amerikanın istehlak tələbatının ödənilməsinə kömək edir.

ABŞ, eyni zamanda qaz resurslarına, onların ixrac marşrutlarına da xüsusi maraqla yanaşır. Emmanuel Todd qeyd edir ki, ABŞ-ın strateji marağı bundan sonra dünya resurslarını siyasi nəzarətdə saxlamaqdır. Demokratik dəyərlərin qorunması isə sadəcə bir vasitəyə çevrilir”.

Zaur Məmmədovun sözlərinə görə, dünya ölkələrinin mərkəzi bankları, neft fondları, suveren ehtiyat fondları öz valyuta ehtiyatlarını daha çox dollarla saxlayır:

“Xarici ölkələrdə yığılan dollar ehtiyatı da Amerikaya xeyir gətirir. İqtisadçı Jozef Ştiqlit yazır ki, həmin valyutanı qazanc üçün ABŞ Mərkəzi Bankının səhmlərinə 4% gəlirlə yatıran ölkələr sonradan həmin dolları daha böyük faizlə kreditə götürür. Bu da Amerikanın dünya iqtisadiyyatında tutduğu yeri və rolu göstərməklə yanaşı ona hərbi sahədə xərcləri təmin etməyə və geosiyasi maraqlarını qorumağa imkan verir.

Bülənt Gökay haqlı olaraq sual verir ki, ABŞ-ın İraqa hərbi müdaxiləsi məhz Bağdadın 6 noyabr 2000-ci il tarixində neft transaksiyalarını dollar ilə deyil, məhz avro ilə edəcəyini elan etməsi ilə bağlıdır?

Ümumiyyətlə, son 40-50 ildə özünün yaratdığı terrorçu qrupların köməyi ilə bəyənmədiyi ölkələrdəki daxili prosesləri şiddətləndirən, enerji resursları ilə zəngin olan dövlətləri manipulyasiya edən Ağ Evdə oturan və dünyanı idarə edən maliyə qruplarının diktəsi altında siyasət yürüdülür. Həmin qrupların taliblərdən tutmuş İŞİD döyüşçüləri, PYD/YPG -dən tutmuş Cənub Şərqi Asiyadakı terror qruplaşmalarına qədər təsir imkanlarının olduğu tez-tez dünya mediasının gündəminə çevrilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər