16 Dekabr 2019 20:29
1 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) Prezident Rəcəb Tayyib Ərdoğanın İncirlik və Kürəcik hərbi bazaları ilə bağlı açıqlamasına dəstək verib.

Teleqraf.com xəbər verir ki, bu barədə CHP sədrinin köməkçisi Vəli Ağbaba açıqlama verib.

CHP rəsmisi ABŞ-dan təzyiqlərin artdığı vaxt sözügedən hərbi bazaların fəaliyyət göstərməsinin qəbuledilməz olduğunu deyib:

“Doqquz ildir deməkdən dilimizdə tük bitdi. Anadolunun ortasında Amerika hərbi bazası qurublar. ABŞ hər dəfə Türkiyə əleyhinə qərar verəndə yadlarına düşür ki, həmin bazaları bağlamaq olar. Bağlamaq üçün Türkiyəyə hücum olunmasını gözləmək lazımdır?

Bu günə qədər ancaq danışıblar. İncirlik və Kürəcik siyasət üçün vasitə olmayacaq qədər ciddi bir məsələdir. Bu anlayışdan imtina edib dik durmaq lazımdır, Türkiyəni təhdid edən bazalar dərhal bağlanılmalıdır. Bu məsələdə səmimisinizsə, niyə ABŞ-ın qərarlarını gözləyirsiniz?”.

Ərdoğan ABŞ Konqresində qəbul edilmiş qondarma erməni soyqırımının ABŞ prezidenti tərəfindən təsdiqlənəcəyi halda, Türkiyədəki Amerika hərbi bazalarının bağlanılacağını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu