4 Fevral 2020 10:15
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin müvəqqəti paytaxtı Ədəndə 2015-ci ildən bu yana 200 nəfərin sui-qəsd nəticəsində həyatını itirdiyi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Yəməndə fəaliyyət göstərən Sui-qəsd Qurbanlarının Müdafiə Təşkilatı məlumat yayıb.

Məlumatda sui-qəsd hallarının gizlədildiyi bildirilib. Təşkilatın üzvü, vəkil Afra Həriri hüquq-mühafizə orqanlarını və polisi sui-qəsdləri gizlətməkdə ittiham edib.

İddiaya görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2018-ci ildə başda Yəmən olmaqla bölgə ölkələrində nüfuzlu siyasətçiləri aradan qaldırmaq üçün “Mizraq” adlı killer qrupu göndərib. Yəməndə baş verən sui-qəsd hallarından bu qrupun məsuliyyət daşıdığı deyilib.

ABŞ-da fəaliyyət göstərən “Buzzfeed News” adlı xəbər saytı BƏƏ şahzadəsi Məhəmməd bin Zayedin amerikalı killerlərdən ibarət sui-qəsd qrupu qurduğunu iddia edib. Bunun əsas hədəfinin Yəmənin nüfuzlu siyasətçilərini aradan qaldırmaq olduğu deyilib.

BƏƏ-nin muzdlu qatil Məhəmməd Daxlanın vasitəçiliyi ilə qurduğu sui-qəsd şəbəkəsinə hər cinayətə görə ödəniş edildiyi bildirilib. Məlumata görə, sui-qəsd əməliyyatları birbaşa Dubay əmiri Məhəmməd bin Zayedin tapşırığı ilə həyata keçirilib.


Müəllif: Mənsur Rəğbətoğlu