Dünya liderləri COVID-19 koronavirusunun qurbanı olmağa davam etdikcə, hakimiyyətlərin ötürülməsi ilə bağlı suallar meydana çıxmağa başlayır. Bir çox ölkələrdə liderin öz vəzifələrini yerinə yetirə bilmədiyi təqdirdə məsuliyyəti kimin üzərinə götürməsi ilə bağlı aydın “varis planı” mövcud olsa da, belə aydınlıq olmayan bir çox ölkələr var.
Teleqraf.com xəbər verir ki, bu fikirlər ABŞ-ın “The National Interest” jurnalında dərc olunan məqalədə bildirilib.
Qeyd edilir ki, Rusiya liderlərinin əksəriyyəti hələ də sağlam vəziyyətdədirlər, koronavirus epidemiyası ilə əlaqədar bəyanatlar verirlər və konfranslar keçirirlər. Söhbət Prezident Vladimir Putindən, baş nazir Mixail Mişustindən və keçmiş prezident və baş nazir, indi Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevdən gedir:
“Ancaq arxadan Federal Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, hazırda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin fotoşəkili boylanır. O, Təhlükəsizlik Şurasının Situasiya Mərkəzi adlanan quruma da rəhbərlik edir. Bu situasiya mərkəzi, ehtimal ki, Patruşevə Rusiya daxilində digər mərkəzləri idarə etməyə imkan verən situasiya mərkəzləri sisteminin nüvəsidir. Bu, böhran dövründə onların aparıcı rolunu təmin etmək üçün milli təhlükəsizlik sahəsində mütəxəssislər tərəfindən müəyyən addımlar atıldığını göstərir. Maraqlıdır ki, bu mərkəz Rusiyada hakimiyyətin davamlılığını təmin edən, Təhlükəsizlik Şurasının ümumiyyətlə iştirakı nəzərdə tutulmayan mövcud hüquqi bazaya heç bir şəkildə uyğun gəlmir”.
Bildirilir ki, başqa bir əsas 11 yanvar 1995-ci il tarixli 32 nömrəli prezident fərmanı ilə yaradılan dövlət vəzifələrinin bölgü ardıcıllığını təyin edən “Rusiya Federasiyasının dövlət vəzifələrinin icmal siyahısı” ola bilər:
“Federasiya Şurasının Federal Məclisi, Dövlət Duması, həmçinin, Rusiyanın Konstitusiya və Ali Məhkəmə sədrləri icraedici hakimiyyətə daxil olmasalar da, bu siyahıda yer alıblar. Təhlükəsizlik Şurası heç bir yerdə xatırlanmır, bu da o deməkdir ki, güc strukturları üzərində qanunda nəzərdə tutulmamuş mülki nəzarət var. Amma praktikada Təhlükəsizlik Şurasının üzvləri asayişi qorumaq üçün hakimiyyəti ələ keçirməyə cəhd edə bilərlər”.
Yazıda qeyd olunur ki, Təhlükəsizlik Şurasının üzvləri əla hazırlıqları və Moskvadakı qapalı obyektlərə çıxışları sayəsində hakimiyyətin varisliyini təmin etmək üçün daha çox imkanlara sahibdirlər:
“Hərçənd ki, bu obyektlərlə bağlı informasiyaların böyük hissəsi ciddi şəkildə məxfi saxlanılır. Patruşevin keçirdiyi videokonfrans Təhlükəsizlik Şurasının COVID-19 koronavirusunun yayılması təhlükəsini ciddi qəbul etdiyini və mövcud imkanlardan yararlandığını göstərir”.