23 İyun 2020 09:10
6 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı və ya Azərbaycan kökənli olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs sənət dünyasının ən məşhur simalarından biridir. İtalyan rəssam Leonardo Da Vinçidən bəhs edirik.

Leonardo Da Vinçi bütün dünyanın yaxından tanıdığı və İntibah (Renesans) dövrünün ən böyük rəssamlarından biridir. “Mona Liza” və “Sonuncu axşam yeməyi” əsərləri ilə məşhur olan italyan rəssam həm də bir filosof, astronom, memar, mühəndis, yazıçı, heykəltəraş, riyaziyyatçı və musiqiçi kimi də tanınır.

Da Vinçi 1452-ci il aprelin 15-də İtaliyanın Vinçi şəhəri yaxınlığında yerləşən Ankiano kəndində doğulub. O, notarius vəkili Messer Pyero və Meo Lippi (Katerina) adlı gənc bir kəndli qadının nikahdankənar oğlu kimi dünyaya gəlib. Leonardo Da Vinçinin yetmişdən çox ögey bacı və qardaşı vardı. İntibah dövrünün siması kimi qəbul olunan Da Vinçi musiqiçi olaraq da istedadlı olub. Peşəkar fleytaçı olmaqla yanaşı, əsilzadələrin ziyafətlərində tez-tez mahnı oxuduğu iddia edilir.

“Naməlum portağallar”

Leonardo Da Vinçi heyvanları çox sevirdi. Bazarlarda qəfəsdə satılan heyvanları azad etmək üçün hər birini satın alırdı. Rəssamın qəribə xüsusiyyətləri bununla bitmirdi, hər iki əli işləyirdi – hər iki əli ilə həm yaza bilirdi, həm də çəkə…

Leonardo Da Vinçi insanın anatomiyasını öyrənmək üçün otuzdan çox insan cəsədini parçalamışdı. Da Vinçi İntibah dövrünün vegeterianlığı dəstəkləyən ilk sənətkarları arasında yer alırdı. Amma Leonardo Da Vinçi “Sonuncu axşam yeməyi” adlı əsərində böyük bir xətaya yol verib. Əsərdə masada yer alan portağallar Məsihdən bir neçə yüz il sonra Yaxın Şərqdə tanınmağa başlamışdı.

Leonardo Da Vinçi bir neçə dostu ilə birlikdə sodomiya ittihamı ilə həbs olunub. Sodomiya XV əsrdə Florensiyada ölümlə cəzalandırılan bir günah olaraq qəbul edilirdi. Şahidin məhkəməyə gəlməməsi səbəbindən azad olunub.

Gələcəyi görən adam

O, qeyri-adi rəssamlıq istedadı sayəsində bir çox fərqli sahədə də özünü göstərmək imkanı əldə etmişdi. Məşhur rəssam hərbi mühəndis kimi helikopterlərin, təyyarələrin, paraşütlərin, tankların, avtomatik silahların və digər hərbi texnikaların çertyojlarını da çəkmişdi.

Leonardo Da Vinçinin ölümündən əvvəlki son sözü belə idi: “Tanrını və insanları həyatım boyu çox az şeylər edərək küsdürdüm”.

Rəssamın azərbaycanlı kökləri

İntibah mədəniyyətinin ən böyük rəssamlarından biri olan Leonardo Da Vinçinin Azərbaycan kökənli olması ilə bağlı iddialar da var. O, Xəzər türkü ola bilər. İngilis sənət tarixçisi Simon Hevittə görə, dahi rəssam türk kökənliydi. O, bu barədə ötən il İngiltərədə nəşr olunan kitabında (“Leonardo da Vinci and the Book of Doom”) yazıb. Tarixçi “The Guardian” qəzetinə müsahibəsində italyan rəssamın atalarının Xəzər türklərindən olduğunu iddia edir. Rəssamın türk kökənli olmasını qızılı saçlı, mavi gözlü və ağ bədənli olması ilə izah edir. Həmin dönəmə aid qeydlərdə bu rəngdə sadəcə Xəzər türklərinin olduğu bildirilir.

“The Guardian” bu haqda yazır:

“XV əsrdə Milanda qızılı saçlı olmaq nadir bir hadisə sayılırdı, amma hər kəsə də məlumdu və qəribə qarşılanırdı. Hevitt Leonardonun Asiyanın bozqır çöllərindən Qara dəniz və Şərqi Avropaya yayılan qızılı saçlı, türk kökənli Xəzərlərdən gəlməsindən şübhələnir. Kitabda “XIII əsrdə ərəb tarixçi İbn Səid əl-Məğribinin dediyi kimi: “Bədənləri açıq, gözləri mavi, saçları dalğalı və qızılı...” ifadələri yer alır”.

Sirli karikatura

Hevittin kitabı 1495-ci ildə çəkilən və Almaniyada aşkar olunan bir karikaturaya əsaslanır. Ədalət anlaşının kinayəli şəkildə ələ alındığı karikaturada Hevittə görə, Da Vinçi də lupa altına alınıb. Hevitt qeyd edir ki, Da Vinçi karikaturada masa üzərindəki süfrəyə yazı yazan, qarşısında dayanmış yarı-çılpaq kişinin cazibəsi altında olan qızılı saçlı, homoseksual katib şəklində təsvir olunub. Tarixçi Da Vinçinin belə bir təsvirin səbəbsiz olmadığını iddia edir və Renesans dövründə qeyri-adi bir düha olaraq qəbul edilməsinə baxmayaraq, qızılı saçları və cinsi kimliyi səbəbindən digər sənətkarlar tərəfindən ələ salındığını yazır.

Şərqli kəniz

Da Vinçinin türk kökənli olmasını digər ingilis araşdırmaçısı Robin Maksvell də iddia edir. O, rəssamın anası Katerinanı “şərqli kölə” adlandırır. Mənbəyə görə, Katerina qadının əsl adı deyil, o, uzun müddət xristianlar arasında yaşadığı üçün bu ad verilib. Həmin dövrdə Keterina xristianlar arasında ən məşhur adlardan biri idi.

Bu məlumatlar həyatının son iki ilini oğlunun yanında keçirən Katerinanın bundan əvvəl Da Vinçiyə yazdığı məktublarda üzə çıxıb. Məktublarda gözdən qaçmayan detallardan biri də, ölən anasının cənazə xərclərinin Da Vinçi tərəfindən ödənilməsidir. “Da Vinçi” muzeyinin direktoru Alessandro Vezzosiyə görə, məktublarda Katerinanın şərq kökəninin rəssam Da Vinçinin üzərində böyük təsirləri olduğu yazılır. Kanadalı tarixçi Luis Baff Perrinin araşdırmaları da bu iddiaları dəstəkləyir.

Müəmmalı naxışlar

Keti Universitetinin Antropoloji Araşdırmalar İnstitutunun rəhbəri Luici Kapasso da, rəssamla bağlı yeni iddiaların doğru olduğunu deyir. Üç il davam edən araşdırmada Da Vinçinin əsərlərindəki 200-ə yaxın barmaq izi incələnib. Nəticədə Leonardonun barmaq izlərinin altmış faizinin şərq və ya Qafqaz genləri daşıdığı üzə çıxıb. Anasının da şərqli kəniz olduğu təsdiq edilib. Əlbəttə, bu iddialara etiraz edənlər də var.

Ancaq Kapassoya görə, Da Vinçiyə aid bu izlər və əldə edilən nəticələrə şübhə yeri yoxdur. Leonardo və Katerinaya dair son bir iddia da Luis Baff Perriyə aiddir. Kanadalı tarixçiyə görə, Katerina sadəcə şərqli deyildi, eyni zamanda müsəlmandı, üstəgəl Azərbaycan türkü. O, bunu təsdiq etmək üçün bir neçə dəfə Azərbaycanda olduğunu bildirib. Baff rəssamın anasının Azərbaycandan İtaliyaya kölə kimi aparıldığını bildirib. Satışın isə Konstantinopolda (indiki İstanbul) həyata keçdiyini bildirib. Baffa görə, Katerinanın Qafqazdan (Azərbaycandan) olduğunu İtaliyanın özündə də qəbul edirlər.

Baffın iddiasını rus tarixçi Andrey Kuznetsov da təsdiq edir. Kuznetsov qeyd edir ki, uzun illərdir aparılan araşdırmalar rəssamın anası Katerinanın kökəninin Qafqaza bağlı olduğunu sübut edib.

Kuznetsov qeyd edir ki, Da Vinçinin əsərlərindən birində o dönəmdə Təbriz şəhərində toxunulan xalçalardan birinin naxışları var. Leonardonun heç vaxt Təbrizdə olmadığını bildirən rus tarixçiyə görə, bu xalçanı Katerinanın özü toxuyub, oğlu isə bunu öz rəsminə köçürüb.


Müəllif: Mənsur Rəğbətoğlu