Belarusun prezidentliyə namizədi Sergey Çereçen respublikanın ya NATO, ya da KTMT üzvü olmamalı olduğunu söyləyib.
Teleqraf.com xəbər verir ki, Çereçen Belarusun neytrallığını qorumalı olduğunu bildirib.
“Hələ də konstitusiyamızda bitərəflik hökm sürür, biz heç bir hərbi münaqişə və ya blokda iştirak etmirik. KTMT-yə üzv olmağımız əsas qanuna ziddir”, - siyasətçi deyib.
Onun sözlərinə görə, Belarus özünü bütün ölkələrlə bərabər şərtlərlə dialoq aparmaq qabiliyyətinə malik müstəqil və suveren dövlət kimi göstərərsə, o zaman seçim etmək məcburiyyətində qalmayacaq:
“KTMT-də olsaq, bu, NATO-nun bizə qarşı çıxması deməkdir. Deməli, Avropa İttifaqı və ABŞ-la razılığa gəlmə ehtimalında problemlər olacaq. Bu, münasibətlər üçün əngəl yaradacaq. Üstəlik, heç kimlə döyüşmək niyyətində deyilik. Kiçik bir ölkəyik, iki nəhəng var - Rusiya və Avropa İttifaqı. Onlardan biri bizə təzyiq etmək istəsə, müqavimət göstərə bilməyəcəyik. Bunun üçün böyük bir orduya ehtiyac yoxdur: qüvvələrimiz yenə də qeyri-mütənasib olaraq kiçik olacaq”.
Belarusda prezident seçkiləri avqustun 9-na təyin edilib, avqustun 4-də erkən səsvermə başlayıb. Mövcud dövlət başçısı Aleksandr Lukaşenko da daxil olmaqla beş nəfər prezidentliyə namizəddir.