İsrail Prezidenti Reuven Rivlin Abu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl-Nəhyanı Qüdsə ziyarətə dəvət edib. O, Birləşmiş Ərəb Əmirlikləri ilə razılaşmanın bölgədə daha böyük etimad və barışa səbəb olacağına ümid edir.
Teleqraf.com xəbər verir ki, İsrail Prezidenti bu fikirləri “Twitter”də yazıb.
“ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş naziri Benyamin Netanyahu və Abu-Dabi vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayedi bu heyranedici nailiyyət münasibətilə təbrik edirəm və vəliəhd şahzadəni Qüdsə səfərə dəvət edirəm”, – deyə bildirib.
O, İsrail və BƏƏ arasındakı razılaşmanı vacib tarixi mərhələ adlandırıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş naziri Benyamin Netanyahu və Abu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl-Nəhyan İsrail və BƏƏ arasında əlaqələrin bərpasına dair öhdəliklərini ifadə etdikləri ortaq bir bəyanat veriblər.