27 Oktyabr 2020 13:47
8 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Efiopiya Pravoslav Kilsəsi ABŞ Prezidenti Donald Trampın Misirin Hedasi su anbarını bombalayacağına dair sözlərini “müharibə elanı” kimi xarakterizə edib.

Teleqraf.com xəbər verir ki, Pravoslav Kilsəsinin açıqlamasında “Prezident Tramp və məsuliyyətsiz olaraq müharibə təbilini çalanlar bu işə müdaxilə etməkdən çəkinməlidirlər” ifadəsi yer alıb.

Su anbarının yoxsulluqdan əziyyət çəkən milyonlarla efiopiyalıya ümid gətirən layihə olduğu vurğulanıb, dünyada sülhə nail olmaq üçün hər kəsin səy göstərməsi vacib sayılıb.

Əddis-Əbəbə Universitetinin verdiyi açıqlamada, Trampın sözlərinin qlobal böhrana səbəb olacağına işarə edilib, mövzu ilə bağlı mövqeyini yenidən düşünməli olduğu vurğulanıb.

Keçən həftə Sudan və İsrail liderləri ilə telefon danışığında Tramp Efiopiyanın su anbarı ilə bağlı razılaşmaya gəlmədiyi və bu səbəbdən ABŞ-ın Efiopiyaya yardımı kəsdiyini söyləyib: “Mən açıq şəkildə deyirəm. Onlar (Misir) su anbarını bombalayacaq”.

Trampın qalmaqallı açıqlamalarından sonra Efiopiya ABŞ-ın Əddis-Əbəbədəki səfiri Mayk Raynoru Xarici İşlər Nazirliyinə çağırıb.

Hedasi su anbarının inşasına başlanması ilə bölgədəki ölkələr arasında Nil çayının suyundan istifadə ilə bağlı mübahisələr həll olunmayıb, baxmayaraq ki, bir çox beynəlxalq aktyor bu işə qarışıb. Elektrik enerjisinə olan ehtiyacının 90 faizini buradakı hidroelektrik stansiyalarından təmin edən Efiopiya Afrikanın ən böyüyü olacaq Hedasi su anbarı ilə enerji boşluğunu aradan qaldırmağı hədəfləyir.


Müəllif: Mənsur Rəğbətoğlu