Polşalı politoloq Matsey Vişnevski ehtimal olunan Rusiya-Ukrayna müharibəsi üçün mümkün ssenarilərdən danışıb.
Teleqraf.com xəbər verir ki, ekspert Ukraynanın irimiqyaslı müharibədə məğlub olacağını söyləyib.
Vişnevski hesab edir ki, Ukraynadakı savaş ya yerli qarşıdurma, ya ölkənin dağılmasına, ya da mövcud hökumətin dəyişməsinə gətirib çıxaracaq. Eyni zamanda, ona görə, Ukraynanın yeni hökuməti hadisələrin belə gəlişməsində Rusiya ilə əməkdaşlıq edəcək.
Mütəxəssis Kiyevin genişmiqyaslı müharibədə məğlub olacağını bildirib.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın münaqişəni hərbi yolla həll etmək istədiyini və bunun Rusiya üçün təhlükə yaradacağını söyləyib: “Bu, bizim üçün təhlükəlidir? Əlbəttə, təhlükəlidir. Təhlükəsizliyimizi təmin etmək üçün addım atmalıyıqmı? Atmalıyıq, bunu edəcəyik”.
Onun sözlərinə görə, Rusiyada heç kim belə bir müharibəni istəmir. Peskov Rusiyanın heç vaxt Donbasdakı qarşıdurmada tərəf olmadığını, ancaq orada yaşayan rusdilli insanların taleyinə biganə qalmayacağını da deyib.
İşğal edilmiş Donbasdakı vəziyyət Rusiyanın martın sonlarında Ukrayna ilə sərhəd bölgələrinə yeni hərbi qüvvələr göndərməsindən sonra başlayıb. Rəsmi Kiyev Moskvanı Donbasdakı hərbi qüvvələrinin sayını artırmaqda ittiham edir.