COVID-19 pandemiyası iki ilə yaxındır ki, davam etməkdədir. Bir müddətdir virusa yoluxanların azalması səbəbilə əksər ölkələrdə yumşaldılma tədbirləri həyata keçirilsə də, Hindistanda yayılan Delta ştammı bütün planları pozub.
Teleqraf.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun sürətlə yayılması səbəbilə yenidən açıqlama yayıb. ÜST nümayəndələri insanlara vaksin olunmaları və maskadan istifadənin mütləq olduğunu bildirib.
ÜST-ün Dərman və Tibb ləvazımatlarından cavabdeh direktoru Marangela Simanonun açıqlamasına görə, hətta iki doz vaksin olunanlar Delta ştammından sığortalanmayıblar: “Bir çox insan vaksin olduğu üçün, özünü rahat hiss edir. Lakin hər iki doza vaksini vurdursalar belə, kütləvi yerlərdə maska taxmaları zəruridir”.
Bir çox ölkədə Hindistanda mutasiya keçirən Delta ştammının yayılması səbəbilə sərt karantin qaydaları bərpa edilib.
Hindistanda 24 saat ərzində 50 040 yeni yoluxma faktı qeydə alınıb.
Rusiyada son sutka ərzində 21 665 nəfər virusa yoluxub. Bu son zamanların ən yüksək göstəricisidir.
İngiltərədə 18 270 nəfər virusa yoluxub ki, 5 fevraldan sonra ən yüksək rəqəm olaraq qeydə alınıb.
Avstraliyada da yoluxma sayı artıb. Ölkədə yenidən küçəyə çıxma qadağasının tətbiqi gözlənilir.
Fransada isə gündəlik yoluxma sayı 2 mini keçib.
Fələstində 2 nəfərdə Delta ştammı aşkarlanıb.