“Rusiya və Çin beynəlxalq ictimaiyyətin digər üzvləri ilə birlikdə Əfqanıstan ərazisinin terrorçu qruplar tərəfindən öz məqsədləri üçün istifadə ediləcək bir yerə çevrilməsinin qarşısını almalıdır”.
Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Sunday Telegraph”a müsahibəsində deyib.
O, qeyd etdiyi ölkələrin və digər beynəlxalq qüvvələrin Əfqanıstanın terrorçu qrupların sərbəst şəkildə fəaliyyət göstərə biləcəyi, ölkələrə hücumlar hazırlaya, təşkil edə, planlaşdıra və maliyyələşdirə biləcəyi bir yerə çevrilməməsi üçün birlikdə çalışmasının vacib olduğuna diqqət çəkib.
Nəşrin yazdığına görə, Stoltenberq Əşrəf Qani hökumətinin birdən-birə çökməsinin əsas faktorunun ölkənin siyasi və hərbi liderlərinin səhv hesablamaları olduğunu qeyd edib.
NATO baş katibinin sözlərinə görə, Əfqanıstan təhlükəsizlik qüvvələrinə 20 il ərzində əhəmiyyətli sərmayələr qoyulduqdan sonra “Taliban”a daha uzun müddət müqavimət göstərə biləcəklərini gözləmək məntiqli olardı.
Xatırladaq ki, “Taliban” avqustun əvvəlində ABŞ qoşunlarının geri çəkilməsi fonunda Əfqanıstanda hökumət qüvvələrinə qarşı kütləvi hücuma keçərək prezident sarayını nəzarətə götürüb.