18 Oktyabr 2021 10:16
1 999
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa Prezidenti Emmanuel Makron türk həmkarı Rəcəb Tayyib Ərdoğan və Türkiyəyə olan vəsvəsəsi səbəbindən həqiqi təhdidləri görə bilmir”.

Teleqraf.com xəbər verir ki, bunu fransız tarixçi Jan-Pyer Filu deyib.

Onun sözlərinə görə, Makron Yaxın Şərqdən Fransaya əsas təhdid Türkiyə və Ərdoğandan yox, Rusiya və BƏƏ-dən gəldiyini bildirib.

“Makron Yaxın Şərqlə bağlı açıqlamalarında yalnız Türkiyəni hədəf alır. Ancaq Rusiya və BƏƏ Yaxın Şərqdə Fransanın təsir dairəsini pozmağa çalışır”, - Filu qeyd edib.

Tarixçi Makronun İslam dini və Məhəmməd peyğəmbərə qarşı qarayaxma kampaniyasının arxasında da Ərdoğandan olan qorxusunun dayandığını bildirib.

Onun sözlərinə görə, Fransanın Yaxın Şərq siyasətinin fiaskoya uğramasının səbəbi Makronun hakimiyyətinin ilk üç ilində Liviyada atdığı yanlış addımlarından qaynaqlanır.

Filu Makronun Liviyanın şərqindəki qeyri-qanuni qüvvələrin lideri Xəlifə Haftarı dəstəkləməsinin 2019-cu ildə bu ölkədə vətəndaş müharibəsinin yenidən başlamasına səbəb olduğunu və BMT-nin vasitəçiliyinə xələl gətirdiyini bildirib.

Tarixçi Fransanın yanlış olaraq bu məsələdə Rusiya, BƏƏ, Misir və Səudiyyə Ərəbistanının yanında dayandığını deyib:

“Haftara verilən dəstək nəticəsində Liviyanın legitim hökuməti Türkiyənin qucağına atıldı. Türkiyənin müdaxiləsi hərbi vəziyyəti dəyişdi və Haftarın məğlubiyyəti ilə nəticələndi. Rus muzdlularının planları baş tutmadı”.

Filu bölgədə Fransa üçün əsas təhlükənin Türkiyə yox, Rusiya olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu