29 Noyabr 2021 14:28
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri başda Rusiya olmaqla, alyansın gündəliyində duran məsələləri müzakirə etmək üçün Latviyanın paytaxtı Riqada bir araya gələcək.

Teleqraf.com xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə 30 noyabr-1 dekabr tarixlərində keçiriləcək toplantıya Ukrayna və Gürcüstanın xarici işlər nazirləri də qatılacaq.

Riqada keçiriləcək görüşün əsas gündəm bəndlərindən birinin Rusiya olacağı gözlənilir. Xüsusən də son həftələrdə Stoltenberq və Qərb dövlətlərinin, xüsusən də ABŞ-ın Rusiya ordusunun Ukrayna sərhəddində yerləşdirilməsi ilə bağlı açıqlamalarından sonra Rusiya məsələsi NATO-nun əsas gündəminə çevrilib.

Stoltenberq ötən həftə Riqa görüşü ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiyanın Ukrayna ilə sərhədində tanklar, artilleriya, zirehli texnikalar, pilotsuz uçuş aparatları və elektron döyüş sistemləri, eləcə də döyüşə hazır qoşunları var.

Sərhəddə yüz minə yaxın rus hərbçisinin olduğu təxmin edilir.

ABŞ, Avropa İttifaqı (Aİ) və NATO-dan Rusiyaya sərt reaksiyalar gəlib. Hərbi hissələrin təlim üçün bölgəyə göndərildiyini bildirən Rusiya Müdafiə Nazirliyi məşqlərin gələn ilin aprelin sonunda başa çatdığını və hərbi qüvvələrin geri çəkiləcəyini açıqlayıb.

Kəşfiyyat məlumatlarına əsasən, Ukrayna sərhədi və Krımda 90-100 min rus hərbçisi var.

Məlumata görə, Rusiya noyabrın əvvəlindən Ukrayna sərhədlərində istehkamlar qurmağa başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu