25 May 2022 18:26
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Fövqəladə Hallar Nazirliyinə yeni rəhbər – general-mayor Aleksandr Kurenkovu təyin edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

Kurenkov bu vəzifədə ötən ilin sentyabrında Norilskdə təlimlər zamanı faciəvi şəkildə həlak olmuş Yevgeni Ziniçevi əvəz edəcək.

Putin Kurenkovu şəxsən yaxşı tanıdığı üçün bu vəzifəyə təklif edib

Prezident mayın 23-də onun namizədliyini Federasiya Şurasına təqdim edib. Təklifi müdafiə və təhlükəsizlik üzrə müvafiq komitə, habelə konstitusiya qanunvericiliyi və dövlət quruculuğu, federal struktur komitələri dəstəkləyib.

Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, seçim Putinin Kurenkovu şəxsən yaxşı tanıması ilə bağlıdır.

“Və seçim o deməkdir ki, dövlət başçısının fikrincə, Kurenkovun şəxsi, xidməti və peşəkar keyfiyyətləri bu funksiyaları ən yaxşı şəkildə yerinə yetirməyə imkan verəcək”, - deyə Dmitri Peskov bildirib.

Kurenkov FTX və FMX-da xidmət edib

Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn öz Teleqram kanalında yazıb ki, Kurenkov “Rosqvardiya”nın direktor müavini vəzifəsində çalışıb və döyüş hazırlığını kurasiya edib. Buna qədər o, Federal Təhlükəsizlik Xidməti və Federal Mühafizə Xidmətində xidmət edib.

“RBC”nın mənbələri bildirib ki, Kurenkov 2015-ci ildən Putinin baş adyutantı vəzifəsində çalışıb. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, o, FMX-da xarici tədbirlərdə dövlətin birinci şəxslərini qoruyub, sonra isə keçmiş baş nazir Viktor Zubkovun mühafizəsində işləyib.

Nəşr aydınlaşdırır ki, Kurenkov general-mayor rütbəsini 2021-ci ilin dekabrında alıb, o, həmin dövrdə Silahlı Qüvvələrin Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

“RBC”nın Fövqəladə Hallar Nazirliyindəki mənbəsi əlavə edib ki, Kurenkov nazirliyin rəhbəri vəzifəsinə namizədliyi irəli sürülməzdən əvvəl “Rosqvardiya”nın tərkibində Ukraynada keçirilən xüsusi əməliyyatda iştirak edib.

FHN-in keçmiş rəhbəri Ziniçev 2021-ci ilin sentyabrında həlak olub

8 sentyabr 2021-ci ildə Yevgeni Ziniçev Norilskdə təlimdə idi – ölümündən əvvəl uçurumun kənarında sürüşən operatoru xilas etməyə çalışıb. Onunla birlikdə məşhur rus kinorejissoru Aleksandr Melnik də həlak olub.

Putin Ziniçevə Rusiya Qəhrəmanı adı verib.

Onun ölümündən sonra Ziniçevin müavini general-polkovnik Aleksandr Çupriyan Fövqəladə Hallar Nazirliyinin başçısı vəzifəsinin müvəqqəti icraçısı təyin edilmişdi.


Müəllif: Səxavət Həmid